Demokratik düşərgə Kramerlə Kozlariçin məqaləsini Obama administarsiyasının mövqeyi sayır
Freedom House insan haqları təşkilatının icraçı direktoru David Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “The American Interest” jurnalında Azərbaycanla bağlı birgə məqalə ilə çıxış ediblər. Olduqca sərt tonda yazılan məqalədə Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət tənqid olunmaqla yanaşı, artıq sanksiyaların vaxtının yetişdiyi vurğulanır: «Qərbin diqqətinin İslam Dövlətinə və Ukrayna böhranına yönəldiyi bir vaxtda prezident İlham Əliyevin hökuməti Azərbaycanda qısnamalar, təhdidlər, döymələr və həbslər vasitəsilə fərqli düşüncə üzərinə hücumunu genişləndirib. Hətta Amerika vətəndaşları və beynəlxalq QHT-lər də bu genişlənən repressiya şəbəkəsinin toruna düşüblər. Bu hərəkətlər cavabını gözləyir”.
Məqalədə deyilir ki, indi Azərbaycan prezidenti İlham Əliyevin də adını Avropanın son diktatoru, Belarusiya prezidenti Lukaşenka və insan haqlarına görə son onilliklərdə ən pis ölkə olan Rusiyanın prezidenti Vladimir Putinlə bir cərgədə yazmaq olar».
İndi Əliyev hökumətinin 100-dək siyasi məhbusunun olduğunu deyən müəlliflər qeyd edirlər ki, bu göstərici Belarus ilə Rusiyanın birlikdə malik olduqları siyasi məhbusların sayından iki dəfə çoxdur.
Məqalədə deyilir ki, Bakı Qərbdən, beynəlxalq rəsmilərdən və təşkilatlardan gələn narahatlıq və tənqidləri qulaqardına vurur. Ona görə, Obamaya Azərbaycana qarşı daha sərt addımların atılması müraciəti edilir. «Hətta prezident Obama-nın QHT-lərlə rəftar barədə bu yaxınlarda səslənmiş tənqidinin də təsiri olmayıb”, deyə yazı da vurğulanır.
Fuad Qəhrəmanlı: «Belə bir məqalənin gündəmə gəlməsi Qərbin Azərbaycana münasibətdə səbrinin tükəndiyini göstərir»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, belə bir məqalənin gündəmə gəlməsi Qərbin Azərbaycana münasibətdə səbrinin tükəndiyini göstərir. Azərbaycan hakimiyyənin artıq onun islah olunmazlığını bir daha göstərdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, ona görə Azərbaycana qarşı tənqidi ritorikanın, çağrışların əhəmiyyətini itirdiyi ilə bağlı beynəlxalq arenada yekdil bir qənaət hakimdir: «Bu baxımdan məqalədə Azərbaycana münasibətdə sanksiyalar məsələsinin gündəmə gətirilməsi müəyyən səviyyədə beynəlxalq ictimai rəyi hazırlamaq məqsədi daşıyır. Çünki nə Kramerin, nə də Kozlariçin məsələyə şəxsi münasibət prizmasından yanaşdığını düşünmək yanlışlıq olardı. Hər iki şəxs ABŞ administarsiyasında mühüm post tutub. Kozlariç ABŞ-ın Azərbaycandakı səfiri olub. Kramer isə dövlət katibinin müavini kimi fəaliyyət göstərib. Hər iki şəxs ABŞ administarsiyası ilə münasibətdə olan şəxslərdir. Bu qeyri-dövlət xətti ilə ABŞ-ın Azərbaycanla bağlı düşündüklərini ifadə edir».
F.Qəhrəmanlı hesab edir ki, baş verənlərdən sonra hakimiyyətdən nəsə gözləməyə dəyməz. Çünki Azərbaycan hakimiyyəti dəfələrlə bu tip çağrışlara reaksiya verməyərək, özünün tənqidə açıq olmadığını sərgiləyib. «Deməli proseslər o istiqamətdə gedinr ki, Azərbaycana münasibətdə daha sərt ritorika seçilsin. Obamanın bu yaxınlarda Azərbaycanla bağlı söylədiyi fikir məqalədəki məqamlarla səsləşir. Bu baxımdan məqalə Obama administrasiyasının Azərbaycana münasibətdə yekdil qənaəti kimi qəbul oluna bilər», deyə F.Qəhrəmanlı vurğuladı.
Gültəkin Hacıbəyli: «Qərb anlayır ki, Rusiya ilə olduğu kimi Azərbaycanla da sanksiya dililə danışmağa məhkumdur»
Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli də vurğuladı ki, Ahzərbaycandakı vəziyyət elə səviyyədədir ki, demokratik dünya buna biganə qala bilməz. Qərb vaxtaşırı olaraq Azərbaycanda baş verənlərə münasibət bildirən zaman hakimiyyətin cəmiyyətə olan basqılarının əksinə daha da artdığını deyən G.Hacıbəyli vurğuladı ki, görünür, Qərbin mesajları qarşı tərəfdə düzgün anlaşılmır: «Hər dəfə Avropa Birliyi, Avropa Şurası, ABŞ Azərbaycan hakimiyyətini insan haqlarına hörmət etməyə, sərbəst toplaşmaq və ifadə azadlıqlarını təmin etməyə çağıranda iqtidarın buna reaksiyası vətəndaşlarına qarşı repressiv tədbirləri artırmaq olub. Qərb də artıq anlayır ki, narahatlıq, hiddət ifadə etməklə hər hansı nəticə əldə etmək mümkün deyil. Ona görə Rusiya ilə olduğu kimi Azərbaycanla da bağlı sanksiya dili ilə danışmağa məhkumdurlar. Bu heç də Qərbin tərcih etdiyi yol deyil. Çünki Qərbin Azərbaycanla təhlükəsizlik, enerji sahəsində böyük əməkdaşlığı var. Qərb Azərbaycanı özünün tərəfdaşı kimi görür».
G.Hacıbəyli hesab edir ki, Azərbaycan daxilində repressiya mühütü elə vəziyyətə çatıb ki, Qərb artıq susmaqla prosesləri ih=zləmək niyyətində deyil.
Xəyal