Süründürməçilik açıq korrupsiya amilləriylə bağlıdır
Bakıda fərdi ev tikmək istəyən vətəndaşlara bəzən yerli icra hakimiyyətləri süni əngəllər törədir. Lent.az-ın məlumatına görə, qanuni sənədlərinin olmasına baxmayaraq, ev tikmək arzusunda olanlar icra qurumlarının süründürməçiyi halları ilə üzləşir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Lent.az-a açıqlamasında bildirib ki, bununla bağlı vətəndaşlardan Komitəyə xeyli şikayətlər daxil olur: “Fərdi ev tikintisi ilə bağlı problem normativ-hüquqi baxımdan həllini tapır. Yerlərdə bunu kimsə qəbul etmirsə, Dövlət Komitəsi buna nə edə bilər? Bu cür xoşagəlməz hallara Bakının bütün rayonlarında rast gəlinir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin adından bütün icra hakimiyyətlərinə xüsusi məktub göndərilib. Məktubda qeyd olunur ki, fərdi ev tikən insanlara süni maneələr yaratmasınlar”.
Bəlli olduğu kimi, fərdi ev tikintisi qaydaları artıq neçə müddətdir sadələşdirilib. Lakin bu istiqamətdə süründürməçiliyə yol verilir. Insanlara bu məsələdə problem yaratmaq görəsən, nə dərəcədə düzgündür? Vətəndaşlara süni maneələr yaradanlar hansı məsuliyyəti daşıyır?
Tanınmış hüquqşünas Müzəffər Baxışov Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 81-ci maddəsini yada salaraq məlumatlandırma icraatını diqqətə çatdırır. Məlumatlandırma icraatının mahiyyəti isə ondan ibarətdir ki, üçmərtəbədən çox evin hündürlüyü 12 metrdən artıq, tirlərinin uzunluğu da 6 metrdən uzun olarsa, bu qəbildən ev tikən şəxsin mülkiyyətində torpaq sahəsi varsa, onlar həmin evin layihə-eskizini tərtib edərək icra hakimiyyətinin şəhərsalma və arxitektura şöbəsinə göndərməlidir:
“Üç ay müddətində evin tikintisiylə bağlı vətəndaşa hansısa bir irad bildirilmirsə, həmin layihə-smeta tələblərinə uyğun tikinti işi həyata keçirilə bilər. Yəni Şəhərsalma və Tikinti Məcəlləsinin 81-ci maddəsinin tətbiqi barədə bu yaxınlarda Nazirlər Kabinetində qərar qəbul edilib. Lakin bu sahədə çox böyük rüşvət elementləri var. Icra hakimiyyətləri evin həcmindən asılı olaraq evi tikmək istəyən şəxslərdən külli miqdarda rüşvət alır”.
M.Baxışov qeyd edir ki, bu şəxslər rüşvətalmaya cəhdə görə Cinayət Məcəlləsinin müvafiq maddələriylə məsuliyyətə cəlb edilib cəzalandırılmalıdır. Həmsöhbətimiz təəssüf edir ki, icra hakimiyyəti başçılarına qarşı Cinayət Məcəlləsinin maddələri tətbiq olunmur. Onlar korrupsiya eşelonuna uyğun olaraq daha yuxarı pillələrə pul ötürürlər: “Ona görə də onlara qarşı heç bir tədbir görülmür. Heç bir icra başçısı hansısa tikintini həyata keçirməyə maneçilik törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmır. Amma hər bir rayon icra hakimiyyətində belə problemlər baş alıb gedir”.
Sözügedən məsələyə Bakı Şəhər Icra Hakimiyyətinin də mövqeyi maraqlı olduğundan qurumun mətbuat xidmətiylə əlaqə saxladıq. Qurumun mətbuat sözçüsü Nailə xanım söylədi ki, fərdi ev tikənlərə qarşı yerli icra hakimiyyətləri səviyyəsində baş verən süründürməçiliyin məğzində yalnız korrupsiya məqsədi dayana bilər: “Hər bir iş yerindədirsə, vətəndaşı niyə süründürməlidirlər ki?! Süründürməçiliyin arxasında həmişə korrupsiya məqsədləri durur. Bu problemin həll edilməsi üçün sözügedən istiqamətdəki məsələləri ”Asan xidmət”in göstərdiyi xidmətlərin siyahısına salmaq daha məqsədəuyğundur. Yəni bu səlahiyyət “Asan xidmət”ə verilməlidir. Bu vasitəylə həmin problem həll oluna bilər. Fərdi ev tikintisində vətəndaşlara qarşı edilən süründürməçiliyin korrupsiyadan başqa heç bir izahı yoxdur”.
Nigar


