Zakir Qaralova necə inanaq?

Əgər obyektivlik budursa…

Azərbaycan reallığında siyasi məhbuslara münasibət, onların istintaqının necə aparılması, hakimlərin hansı prinsiplər əsasında hökm çıxarması hamıya məlumdur.

Ancaq baş prokuror Zakir Qaralov bildirib ki, Leyla Yunusla bağlı obyektiv iş aparılır və bütün hüquqi normalara əməl edilir: “Leyla Yunusovanın cinayət işi ilə bağlı mütəmadi məlumatlar veririk. Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, bu istintaqın tam obyektiv aparılması təmin olunacaq və nəticələri barədə əlavə məlumat veriləcək. Vəkillə də hər gün, istənilən vaxt görüşürlər. Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, hüquq və azadlıqları təmin olunur. Yaxınlarda mətbuatda guya Leyla Yunusovaya qarşı hər hansı zorakılıq törədilməsi barədə yayılanlar uydurma məlumatdır”, – deyə Zakir Qaralov bildirib.

Kaş bu deyilənlər həqiqət olaydı və biz də mötəbər mənbənin dediklərinə inanaydıq.

Ancaq müşahidələrimiz göstərir ki, Leyla Yunusa qarşı nəinki obyektiv münasibət yoxdur, hətta bu qadınla düşmən əsiri kimi davranılır.

Əvvəla, məlum oldu ki, Leyla Yunusla eyni kamerada olan qadın ona işgəncə verir, psixoloji və fiziki təsir göstərir. “Ilkin həbs yerlərində saxlananlar haqqında” qaydalara əsasən yetkinlik yaşına çatmayanlar və ilk dəfə şübhəli şəxs qismində saxlananlar əvvəllər məhkum olunmuş şəxslərlə eyni kamerada saxlanıla bilməz. Ancaq qanunsuzluq bunula da bitmir. Daha sonra Leyla xanım vəkillərinə bildirmişdi ki, Bakı Istintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov kamerasına gəlib, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb, orada saçından tutub yerə yıxıb və yerdə sürüyüb. 

Görəsən, bütün bunlar hüquqi normalara daxildirmi və bunları obyektiv hesab etmək olarmı?

Görünür, hakimiyyətin düşüncəsinə görə normaldır ki, Ombudsman aparatı da baş verənlərə laqeydddir: “Hazırda biz rayonlarda ezamiyyətdəyik, monitorinqlərdəyik. Inşallah, vaxtımız olanda Leyla Yunusa baş çəkib maraqlanacağıq”,- deyə Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Məhərrəmov ÿbildirib.

Amma “obyektiv” münasibət bununla da bitmir. Hələ ilkin istintaqın getdiyi bir dövrdə, məhkəmə hökmü elan edilməmiş, millət vəkillərindən tutmuş, televiziya kanallarına qədər Leyla Yunusun “vətən xaini”, “erməni agenti” olması təbliğatı aparılır. Rejim qəzetləri isə, bu xanım və digər məhkməsi gedən QHT rəhbərləri haqqında bütün böhtanları tirajlamaqdan çəkinmirlər. Yəni məhkəmə hökmündən qabaq hakimiyyətin hökmü elan edilib.

Bir insana qarşı düşmən münasibət bununla da yekunlaşmır. Leyla Yunusa yemək aparacaq yeganə adam, həyat yoldaşı Arif Yunus da şərlənərək həbs edilir. Sanki hakimiyyət bu qadından qisas almağı, mənəvi işgəncə verməyi qarşısına məqsəd qoyub.

Bütün bunlardan sonra isə Intiqam Əliyev və Leyla Yunus vəkillərindən məhrum edilir. Daha doğrusu onları müdafiə edən vəkillər süni ittihamlarla proseslərdən kənarlaşdırılır və bu adamları müdafiəsiz qoymağa çalışırlar.

Bu qədər qanunsuz, qərəzli addımlardan sonra qanunun aliliyinə, istintaqın obyektivliyinə necə inanmaq olaq?

Heç bir günahı sübuta yetirilməyən bir qadınla düşmən əsiri kimi davranılırsa, cəmiyyətə “erməni agenti” olduğu məlumatı verilirsə, Zakir Qaralov necə obyektivlik təminatı verə bilər?

Akif