Vəkili İlqar Məmmədovla görüşə bilməyib

Vəkil Xalid Bağırov REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşün baş tutmamasından gileylidir. 

İlqar Məmmədov İsmayıllı hadisələrinə görə tutulub. Ötən il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə ümumən 20 nəfər həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il martın 17-də çıxardığı hökmlə İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi cəzanı qüvvəsində saxlayıb. Sentyabrın 25-də İlqar Məmmədov Şəki İstintaq Təcridxanasından Bakıya – Şüvəlan təcridxanasına gətirilib.

Oktyabrın 2-də vəkil Xalid Bağırov “Media forum” saytına deyib ki, Şüvəlan təcridxanasına gətiriləndən İlqar Məmmədovla ailəsi də əlaqə saxlaya bilməyib: “Məhbusun yeri dəyişdirildiyinə görə yenidən Penitensiar Xidmətə müraciət edilməli, icazə alınmalıdır. Bu cür bürokratik əngəllər birbaşa vətəndaşların hüquqlarını pozur. Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə dərhal, maneəsiz, istənilən zaman, istənilən şəraitdə görüşə bilməlidir. Əgər səbəb gətirilən əngəllər qanunvericilikdə belə əksini tapıbsa, bunun özü qanun pozuntusudur, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasıdır. Məhbus bir həftədir köçürülüb, onunla əlaqə yarada bilmirik, ona aparılan sovqatı da qəbul etmirlər, ümumiyyətlə onun barəsində məlumat vermirlər. Bu, İlqar Məmmədovun hüququnun pozulması deyilmi?”