Vyana məhkəməsi Elman Rüstəmovun məhkəmədə dindirilməsinə nail ola biləcəkmi?
Oktyabrın 3-də Avstriyanın paytaxtı Vyanada Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun da adı keçən cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.
Söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət işindən gedir. Bu cinayət işində adı keçən Elman Rüstəmovun da məhkəmədə dindirilməsi zərurətə çevrilib. Avqustun 5-də keçirilən prosesdə baş bankirin videokonfrans vasitəsilə dindirilməsi nəzərdə tutulmuşdu. Lakin bu baş tutmadı. Azərbaycan hökuməti ciddi-cəhdlə Elman Rüstəmovu prosesdən kənarda tutmağa çalışır. Vyana məhkəməsi isə baş bankirin dindirilməsində israrlıdır. Hətta bununla bağlı Azərbaycan Xarici Işlər Nazirliyinə müraciət olunacağı da bildirilirdi. Məlumata görə, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Azərbaycana səfəri zamanı bu məsələ də xüsusi müzakirə olunub.
Xatırladaq ki, cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub.