Etibar Əliyev: «Bunun səbəbi orta məktəbdəki qiymət şişirdilməsiylə bağlıdır»
Bu il orta məktəbi “5″lə bitirən məzunların 50 faizindən çoxu attestat qiymətlərini qəbul imtahanlarında doğrulda bilməyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Trend”ə verilən məlumata görə, bu il tam orta məktəbi bütün fənlərdən “3″ qiymətlə başa vuran məzunların 97,47 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. ”5″ qiymətlə bitirən məzunların isə yalnız 42,26 faizi attestat qiymətlərini doğrulda bilib: “Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. Indiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan ”əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r”0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik”.
Komissiyadan bildirilib ki, ötən illə müqayisədə bu il qəbul imtahanlarından “2″, ”4″ və “5″ qiymət alanların faizi artıb, ”3″ qiymət alanların faizi isə azalıb. Bu il abituriyentlərin 65 faizi qəbul imtahanından “2″ (0-200 bal), 13.8 faizi ”3″ (200-300 bal), 15.7 faizi”4″ (300-500 bal) qiymət alıb. Ötən il bu göstəricilər uyğun olaraq 64,7, 15,1, 15,5, 4,8 faiz olub.
Bu il 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituruiyentlərin isə 22 faizi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır: “Təəssüflə qeyd etmək lazımdır ki, Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, Imişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan MR Babək rayonunun bu ildəki məzunlarını təmsil edən abituriyentlərin 40 faizdən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.
Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev qeyd edir ki, əvvəlki tədris illərində də aşağı göstəricilər olub. Ekspert orta məktəbi əla qiymətlərlə bitirən şagirdlərin böyük kəsiminin TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərmədiyini deyir: “Yüksək bal toplaya bilməməyin səbəbi orta məktəbdə qiymətlərin şişirdilməsiylə sıx surətdə bağlıdır. Bu gün məktəb qiymətləndirilməsinə diqqət son dərəcə zəifdir və qiymət şişirdilməsi ötən illərdə olduğu kimi davam edir. Şübhəsiz ki, bu sahədə mütləq monitorinq aparılmalıdır və səbəblər öyrənilməlidir”. E.Əliyevin fikrincə, qiymət şişirdilməsi mənfi hal olmaqla yanaşı, bir saxtakarlıq nümunəsidir. Ekspert bu prosesə təkan verərək problemi olduğu kimi saxlayanların məktəb direktorları olduğu qənaətindədir. Yuxarı sinif şagirdlərinin böyük bir hissəsinin dərsdən yayınaraq repetitor yanında hazırlığa getdiyini deyən ekspert, bunun müqabilində qiymətlərin şişirdildiyini söyləyir: “Dəqiq monitorinq apararaq problemin kökünü tapıb ictimaiyyətə təqdim etmək gərəkdir”.
Nigar


