İki məmurun qarşıdurmasına dair ilginc fakt

Hesablama Palatası Kərəm Həsənovla Qərib Məmmədov arasında ziddiyyətləri üzə çıxaran məlumatlar açıqladı

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov arasında ziddiyyətlərə dair daha bir fakt üzə çıxıb.

Bu faktı başqa bir dövlət qurumu – Hesablama Palatası aşkarlayıb. Hesablama Palatasının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə nəzarət tədbirləri həyata keçirərkən məlum olub ki, yerli icra hakimiyyəti orqanları və adları çəkilən komitələr arasında mütəmadi məlumat mübadiləsi aparılmır. “Aidiyyəti torpaqların kateqoriyalar üzrə mövcudluğu, istifadəyə və icarəyə verilmiş sahələri haqqında rayonlar üzrə tərtib olunan Torpaq balansı hesabatlarında məlumatlar dürüst və tam əks olunmur.

Nəticədə həmin torpaqlar üzrə tam əhatəli uçotun aparılması, eyni zamanda onların istifadə üçün ayrılması və üzərində tikinti işlərinin aparılmasına dair icazələrin verilməsinin qanunvericiliyə uyğun olaraq tənzimlənməsində qeyri-müəyyənlik halları yaranır”, – deyə Hesablama Palatasının yaydığı məlumatda bildirilir.

Qurum bununla bağlı Nazirlər Kabinetinə bir neçə təklif verib. Məlumatda daha sonra deyilir: “Aparılan təhlillər göstərib ki, müvafiq prosedurlar çoxlu sayda ilkin sənədlərin toplanması və təqdim edilməsini tələb etdiyindən və təqdim edilmədiyi təqdirdə hər hansı bir inzibati tədbirin görülməsi nəzərdə tutulmadığı üçün torpaq icarəçiləri, o cümlədən dövlət mülkiyyətində olan torpaqların icarəçiləri tərəfindən əksər hallarda bu normaya riayət olunmur. Nəticədə torpaqların icarəyə verilməsi barədə rayon (şəhər) icra hakimiyyəti orqanlarının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatları arasında fərqlər müşahidə olunur. Bu da bir sıra torpaq icarəsi müqavilələrinin uçotda əks olunmamasına, müvafiq müqavilələr üzrə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqının dövlət büdcəsinə tam daxil olmaması hallarına gətirib çıxarır”(lent.az).

Qeyd edək ki, Kərəm Həsənovla Qərib Məmmədov arasında uzun müddətdir ki, ziddiyyətlər baş qaldırıb. Bunun kökündə Kərəm Həsənovun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin bir qisminin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilməsinə çalışmasıdır. Görünür, ziddiyyətlər o qədər dərinləşib ki, hətta adı çəkilən məmurların rəhbərlik etdikləri qurumlar məlumat mübadiləsi aparmır, yaxud da hərə özünə sərf edən qaydada məlumat verir.