Daşınmaz əmlak bazarında vəziyyət necədir?

Hər şey bazara daxil olan pul kütləsinin həcmindən asılıdır

Bu ilin avqustunda kommersiya obyektlərinin satışı bazarında müşahidə edilən stabil dinamika orta qiymətləri də sabit saxlayıb.Avqust üçün bazarda orta satış qiyməti əvvəlki ayla müqayisədə 0,5 faiz artaraq 3857 dollar/kvadratmetr təşkil edib. Avqustda aktivliyin dəyişməz olaraq qalması, obyektlərin satışının ekspozisiya müddətinin də dəyişməz qalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 149 gün təşkil edib.

“MBA Consulting Group”un məlumatına görə, avqustda qeyri-yaşayış sahələrinin alqı-satqısı qiymətlərinin dəyişməsi ilə yanaşı, obyektlərin icarəsi bazarında da stabillik müşahidə edilib. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta icarə qiyməti 19,35 dollar/kv.m təşkil edib. Avqustda ən bahalı zonada orta qiymət 6077 dollar, ən  ucuz zonadasa 1152 dollar olub.

Qeyd edək ki, söküntü sahələrində  kifayət qədər qeyri-yaşayış obyektləri də var. Maraqlıdır, söküntüyə düşən ərazilərdə obyekti olan şəxsin başqa yerdə obyekt alması nə qədər əlçatandır? Mənzil bazarında olan dinamika onlara da şamil oluna bilərmi?

Daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət Ibrahimovun sözlərinə görə obyekt sahiblərinin mülkiyyət hüququnu təsdiq edən sənədi varsa, ona kommersiya obyekti kimi yanaşılmalıdır. N.Ibrahimov söyləyir ki, bu yanaşma da müxtəlifdir. Belə ki, onların bəzilərinə aşağı, bəzilərinə isə mənzilin qiymətini verirlər:

“Kommersiya obyektləri ərazi üzrə bazar dəyəri ilə dəyərləndirilməlidir və həmin kompensasiya mülkiyyətçiyə ödənilməlidir. ”Füzuli” meydanında olan söküntülərdə sənədi olanlara bazar qiymətiylə kompensasiya verilirdi. Amma kommersiya obyekti kimi istifadə olunsa da, mənzil sənədi olan obyektlərə mənzilin qiymətini verirdilər”. 

Azərbaycanda təşkil olunacaq “Bakı 2015″ Avropa Oyunlarından sonra paytaxtda evlərin qiymətində ciddi enişin olacağı barədə proqozlar səsləndirilir.

Axar.az-ın xəbərində bu barədə məlumat verilib. Məlumata  görə, hazırda paytaxtda söküntülər dayandırılıb və rəsmi qurumlar Avropa Oyunlarının bitməsini gözləyir: “Bakının yeni baş planına görə, şəhərdə hələ çox söküləcək məkanlar, yaşayış məntəqələri var. Sadəcə olaraq Avropa Oyunlarına görə bu proses təxirə salınıb. Oyunlar bitdikdən sonra yeni söküntülərə başlanılacaq. Buna görə də şəhər kənarlarında və paytaxta bitişik qəsəbələrdə yeni şəhərciklər salınacaq. Bu da evlərin qiymətində ciddi dəyişikliyə gətirib çıxaracaq”.

Görəsən, söylənənlər nə dərəcədə həqiqəti əks etdirir? Mənzil bazarında doğrudanmı eniş ola bilər?

N.Ibrahimov söyləyir ki, qiymətlərin qalxıb-enməsini bazar tənzimləyir. O, son üç ayda qiymətlərin düşməyə meylli olduğunu bildirir:

“Bəlli olduğu kimi ötən illə bu ilin birinci yarısında qiymətlər xeyli artmışdı və buna görə də bazarın aktivliyi xeyli aşağı düşüb. Yay ayları və sentyabr ayında qiymətlər düşür. Qiymət düşməsinin bu ilin sonuna kimi davam etməsi də mümkündür. Hamısı bazara daxil olan pul kütləsinin həcmindən asılıdır. Bazara əlavə pul daxil olsa stabilləşmə və az da olsa, artım ola bilər”.

Nigar