as-pa

AŞPA-da kritik Azərbaycan müzakirəsi

“Azərbaycanda görünməmiş repressiyalar” – Strasburqda dinləmə təşkil olunacaq

Oktyabrın 2-də AŞ PA-nın payız sessiyası çərçivəsində Strasburqda “Avropa” sarayının zallarının birində “Azərbaycanda görünməmiş repressiyalar” mövzusunda dinləmələr olacaq. Tədbirin təşkilatçıları beynəlxalq QHT-lər – Mediaya Beynəlxalq Dəstək (International Media Support – IMS), Insan Hüquqları Evi Fondu (HRHF), “Article 19″, ”Human Rights Watch” və digər təşkilatlardır.
Bu təşəbbüsü AŞ PA üzvləri Maylis Reps (Estoniya), Tini Koks (Niderland), Maykl Maknamara (Irlandiya) və Piter Omtziqt (Niderland) dəstəkləyiblər.
Məruzəçilərdən biri “Azadlıq” radiosunun müxbiri Xədicə Ismayıldır. O, ölkədə 98 siyasi məhbusun olması barədə məlumat verəcək.
IMS nümayəndəsi Gülnarə Axundova KIV və QHT-lərin hüquqlarının pozulmasından danışacaq.
“Freedom Now”dan Maran Terner siyasi məhbuslar problemi üzrə hüquqi analizin icmalını, “Human Rights Watch” təşkilatından Georgi Qoqiya “Human Rights Watch”ın rəyini, “Article 19″-dan Natali Losekut Azərbaycanda söz azadlığı və jurnalistlərin vəziyyəti haqda hesabatı təqdim edəcək.
Insan Hüquqları Evi Fondundan Florian Irminger Avropa Şurası ilə əməkdaşlıq edən hüquq müdafiəçilərinə qarşı repressiyalardan, Avropa Şurasının atmalı olduğu addımlardan danışacaq (“Turan”).