Dəyişmək. Amma necə?

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Ölkədəki bu tuthatutda, vurhavurda, ashaasda, kəshakəsdə Sərdar Cəlaloğlu ilə Siyavuş Novruzov arasında dəhşətli polemika gedirmiş, xəbərimiz yoxmuş. Sərdar müəllim toy-yas mərasimlərinə yasaqlar gətirilməsi ilə bağlı Novruzovu möhkəm tənqid edibmiş, deyibmiş ki, sən kimsən onları ləğv edəsən?

Siyavuş müəllimin cavabı belə olub ki, “20 ildə 20 dəfə siyasi oriyentasiyasını dəyişən, 20 yola xidmət edən, 20 dəfə əqidəsini dəyişmiş bir adamdan Azərbaycan cəmiyyəti hansı təklifi gözləsin?” 

Budur, dünən Cəlaloğlu Novruzovun cavabını cavabsız qoymayıb, deyib: “Yalnız ölülər və dəlilər fikirlərini dəyişməzlər. Siyasətimi dəyişmişəm, yaxşı eləmişəm.  Bəxtiyar Vahabzadənin də şeirində qeyd olunur ki, dünya dəyişirsə, mən də dəyişməliyəm. Bütpərəst deyiləm ki, bir fikrin ”quyruğu”ndan tutub gedəm”.

Mən Sərdar bəylə Siyavuş yoldaşa bundan sonrakı söz atışmalarında uğurlar arzulayıram. Şübhəsiz ki, bu iki fövqəlinsanın, dəruni zəka sahibinin polemikası bəşəriyyətin beynini aydınladacaq, onu elmin yeni zirvələrini fəth, mədəniyyətin naməlum adalarını kəşf etməyə ruhlandıracaqdır. Biz fəxr edirik ki, Siyavuş Novruzov və Sərdar Cəlaloğlu ilə eyni ölkədə yaşayırıq, onların müasirləriyik. 

Bu sətirləri isə Sərdar müəllimin cavabına görə yazıram. Bəli, indi Azərbaycanda xeyli adamdan qəfil mövqe dəyişiklikləri barədə soruşanda bu cavabı eşidirsən: dünya dəyişir, mən niyə dəyişməməliyəm? Yalnız ölülər və dəlilər fikirlərini dəyişmir-zad. Hələ “dəyişikliyi hərə özündən başlamalıdır” deyənlər də var. Ilk baxışda hamısı çox mütərəqqi, parlaq əsaslandırmalardır, doğrudan da axı bu qədər sürətlə dəyişən dünyada necə ola bilər, sən dəyişməyəsən, kamilləşməyəsən, müdrikləşməyəsən, özünü, beynini gəlişdirməyəsən? Əlbəttə, anormallıqdır.

Amma…

Amma soruşmağa ayıb olmasın, insanın özünü dəyişdirməsinin onun qatığın rənginə münasibətinin dəyişməsinə nə dəxli var? Insan kamilləşir, müdrikləşir, amma qatığın rəngi ki, dəyişmir, o ağ olaraq qalır. 

Bəs niyə bizdə “dəyişən dünyadan geri qalmayaraq dəyişdiklərini” deyənlər, “yalnız ölülər və dəlilər fikirlərini dəyişmirlər” sözlərini əldə bayraq edib dəyişənlər üçün əvvəlcə qatığın rəngi dəyişir.

Yaxud belələrinin niyə dərhal yalana da münasibətləri dəyişir, niyə dünən yalanı baltaladıqları halda bu gün onu həqiqət kimi qələmə verirlər? Yalan necə dəyişib həqiqət olur? Yalan danışmaq pis bir işdən necə yaxşı vərdişə çevrilir?

Xeyirin də, Şərin də ünvanı dəqiqdir. O ünvanı bizə tarixi təcrübə göstərir, fəlsəfə, ədəbiyyat göstərir. Indi həmin ünvanları dəyişik salmağın “özünü dəyişməklə” nə əlaqəsi ola bilər axı?

Mandela da deyirdi ki, “cəmiyyəti dəyişmək elə də çətin deyil, çətini özünü dəyişməkdir”.

Ancaq o, bununla özünü deputat mandatı namiinə dəyişməyi nəzərdə tutmurdu ki! O demək istəmirdi ki, özünüzü, fikirlərinizi, görüşlərinizi gedib fəxri adlara, təltiflərə, maddi imtiyazlara dəyişin.

“Özünü dəyişməyin” mənası çox sadədir, Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur.

Özünü dəyişmək – hər gün daha çox mütərrəqi ideyalarla, bəşəri dəyərlərlə silahlanmaqdır. 

Həqiqətə daha böyük inam və qətiyyətlə sarılmaqdır. 

Hər gün daha çox irəli görüşlü, çağdaş olmaqdır.

Ruhunu zəhərli baxışlardan və vərdişlərdən daha uzaqda tutmağı bacarmaqdır.

Özünü dəyişmək – mənəvi hadisədir, onun qarşılığı heç vaxt əmtəə, valyuta ola bilməz. Özünü yalnız maddiyyata hesablayaraq dəyişmək – bunun adı artıq dönüklükdür, ruhunu satmaqdır. 

Bir sözlə, özünü dəyişməyi biqələmunluqla eyniləşdirməyin.

Onların arasında azman fərqlər var.

Özünü dəyişmək – Xeyir əməlidir. Biqələmunluq – Şər əməl.

Özünü dəyişmək – həqiqət naminədir, biqələmunluq – yalan naminə.

Özünü dəyişmək – tərəqqiyə kömək edir, biqələmunluq – tənəzzülə.

Biqələmunluğu “özünü dəyişmək” kimi qələmə verənlər başqalarını bunu ayırd etməyəcək qədər nadan, cahil saymasınlar. 

Yazıya da elə bu yarı xahiş, yarı tələblə nöqtə qoyuram.

Diqqətinizə görə minnətdaram.