Çin də Rusiyanın arxasından çəkildi

Rahim Hacıyev: «Çin prosesləri diqqətlə izləyir və Qərblə konfliktin Rusiya üçün xoşagəlməz nəticə verəcəyini bilir»

Qərbin Rusiyaya qarşı sanksiyalarına artıq Asiya ölkələri də qoşulmağa başlayıb. ABŞ və Avropa dövlətlərinin sanksiyalarından sonra Yaponiya və Çindəki maliyyə bazarlarında da Moskvanın ümidləri kəsilir.

Yaponiya hökuməti Rusiyanın “Sberbank”, “Qazprombank”, “Rosselxozbank”, “VTB” və “VEB” banklarına qarşı sanksiyalar tətbiq edib. Tokio isə artıq mart ayında viza rejiminin aradan qaldırılması ilə bağlı müzakirələri rədd etməklə, Moskvaya münasibətdə Qərblə müttəfiqliyini sərgiləyib. Bundan başqa, avqustda Yaponiyanın qara siyahısına Rusiyadan 40 rəsmi şəxsin adı daxil edilib.

Moskva üçün növbəti zərbə Çindən gəlib. Çinin kommersiya bankları Rusiyanın offşor zonalarda qeydiyyata düşən şirkətlərinə hesablarını geri çəkmələri üçün məktub göndərib. Əks təqdirdə, hesabların bağlanacağı haqda xəbərdarlıq edilib. Bundan sonra şimal qonşumuzun offşor zonada qeydiyyata düşən şirkətləri Çində bank hesabı aça və vergi uçotuna dura bilməyəcək. Həmin şirkətlər iki dövlət arasında böyük həcmdə mal dövriyyəsində böyük paya malikdir. Rusiyalı ekspertlər bu məhdudlaşdırma qərarının ABŞ-ın təzyiqi altında verildiyini düşünür.

Artıq sanksiyalar Rusiyanın maliyyə sektoruna ciddi zərbələr vurmağa başlayıb. “VTB” bankın prezidenti Andrey Kostin itkilərinin həcminin 674 milyon dollara çatdığını bəyan edib. Bankir vəziyyətdən çıxış üçün dövlət başçısı Vladimir Putindən yardım istəyib. Putinlə görüşdən sonra Kostin yeni maliyyə mənbələri tapacaqlarına dair nikbin fikirlər səsləndirib.

Rusiya ətrafında baş verənləri şərh edən siyasi ekspert Rahim Hacıyev deyir ki, Ukrayna böhranı ilə əlaqədar Qərbin, o cümlədən ABŞ və Avropa Birliyinin sanksiyaları  sərtləşdirməsilə müttəfiqlər faktiki Rusiyaya qarşı böyük bir koalisiya formalaşdırıb. Politoloq Avropadan ABŞ-a, Avstraliyaya, Cənub-Şərqi Asiyaya qədər bir çox ölkələrin bu sanksiyalara qoşulduğunu yada salır: “Rusiya üçün daha bir qara xəbər Yaponiyanın ona qarşı sanksiyaları sərtləşdirmək qərarı oldu. Çinin nəzarətində olan ofşorlarda rusiyalı oliqarxların bank hesablarıyla bağlı problemlərin yaranması, bu barədə xəbərdarlıq onu göstərir ki, artıq Çin hökuməti də Rusiyanı müdafiə etmək istəmir. Bu da səbəbsiz deyil. Çin hökuməti prosesləri əvvəlcədən diqqətlə izləyir və Qərblə Rusiya arasındakı konfliktin ikinci üçün xoşagəlməz nəticə verəcəyini bilir. Bu baxımdan, Çin Rusiyanı müdafiə etmək  mövqeyindən çəkilmək fikrindədir. Çinin belə bir mövqedən çıxış etməsi üçün çox ciddi səbəbləri var. Onun özünün Qərblə ciddi iqtisadi münasibətləri olduğu üçün bu, ölkənin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu mənada, Çin hökuməti həmin məsələdə Qərblə qarşıdurmaya gedə bilməz”.

Rahim Hacıyev onu da qeyd edir ki, Çində çox böyük investisiyalar olduğu üçün proses davam edir. Çinin Qərblə iqtisadi sahədə əməkdaşlığı, münasibətləri var. Qərbin mövqeyinin sərtləşməsi sözsüz ki, onu Rusiyanı müdafiə etməməyə, Qərblə həmrəy olmağa məcbur edir. Bu isə ilk növbədə Çinin praqmatik maraqlarından doğan məsələdir.

Nigar