İspaniyanın Kataloniya vilayətinin rəhbəri müstəqilliyə dair referendum keçirilməsi barədə əmr verib
BBC-nin məlumatına görə, Artur Mas noyabrın 9-da, Şotlandiyada olduğu kimi, Kataloniyada da referendum keçirilməsini istəyib. Madriddəki mərkəzi hakimiyyətin bu addımı dəstəkləmədiyi də bildirilir.
İspaniyanın baş naziri Mariano Rajoy Brey hər hansı referenduma yol verilməyəcəyini açıqlayıb. İspaniyanın ən çox inkişaf etmiş sənaye şəhəri Barselona da Kataloniya əyalətinə daxildir.
İspaniya hökuməti istənilən səsverməni qanunsuz sayır. Gələn həftə baş nazirin xüsusi toplantı keçirəcəyi də gözlənilir. Mübahisənin Konstitusiya Məhkəməsinədək uzanacağı güman edilir.
Kataloniya vilayətinin rəhbəri Artur Mas-sa, uzağı, bir neçə həftəyə yerli qanunlar əsaslanan səsvermə keçirəcəklərini deyir.
O, daha öncəki çıxışlarında, nə qədər əleyhinə çıxanlar olsa da, müstəqillik uğrunda başlanan hərəkatın uğurla nəticələnəcəyini bildirmişdi:
«Onlar hüquqi mexanizmlərdən yararlanıb, kataloniyalıları dayandıra biləcəklərini düşünürlərsə, yanılırlar». (azadliq.org)