
Rusiya Xarici İşlər Nazirliyi ilk dəfə rəsmi sənədində Ukraynanın Donetsk və Luqansk vilayətlərinin separatçıların nəzarət etdiyi hissəsini Novorossiya (Yeni Rusiya) adlandırıb.
Rusiya XİN öz şefi Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə görüşü barədə yaydığı məlumatda bu ifadəni işlədib. Məlumatda deyilir: “Görüşdə Ukraynanın cənub-şərqində atəşkəsin qorunması üçün səylərin gücləndirilməsi və Minsk sazişinə əməl etmələri xüsusunda Kiyev hökuməti ilə Novorossiya rəhbərliyi arasında dialoqun təşkili müzakirə olunub”.
Rəsmi məlumatda Novorossiya ifadəsi heç dırnaq işarəsinə də alınmayıb.
Bundan başqa, Lavrovun Kerri ilə görüşdən qabaq Ukraynadakı münaqişəni birmənalı olaraq bu ölkənin daxili problemi adlandırması da diqqət çəkib. “Ukraynalılar Minskdə bir neçə dəfə görüşüblər. Onlar orada iki sənd imzalayıblar. ATӘT və Rusiya nümayəndələri bu dialoqa kömək edib” – deyə Lavrov bildirib.
azadliq.info


