Ziyafət Əsgərov: «Jirinovskiyə siyasi təlxək deyirlər, fikrimizcə, «tərif» doğrudursa da, natamamdır, çünki o, həm də xəstə siyasi təlxəkdir»
Azərbaycanda səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkə başçısı Ilham Əliyevlə görüşüb.
Rəsmi məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu qeyd edilib. Iki ölkənin ali qanunvericilik orqanları arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Vladimir Jirinovski Azərbaycanla bağlı qalmaqallı açıqlamaları ilə tanınır. Bu şəxs bir neçə dəfə Azərbaycan xalqının ünvanına təhqirlər səsləndirib, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsini təklif edib və s. Ona görə də Jirinovskinin Azərbaycana səfəri cəmiyyət tərəfindən birmənalı qəbul edilmir. Hətta YAP-çı deputat Siyavuş Novruzov Jirinovskinin səfəri əfərəsində onun Azərbaycan xalqından üzr istəməli olduğunu bildirib.
Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Arif Rəhimzadə isə onunla görüşməyəcəyini bildirməsi də maraqlıdır. Deputat modern.az-a bu barədə deyib: “Mən Bakıda səfərdə olan Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə görüşməyəcəyəm. Azərbaycan-Rusiya parlamentlərarası komissiyası var. Uzaqbaşı o komissiyanın üzvləri Jirinovski ilə görüşə bilərlər. Bu dəqiqə başqa məsələlərlə məşğul olduğumdan, sizə əlavə nəsə deyə bilmirəm”. Bəlkə də Arif Rəhimzadə cəmiyyətin qınağından ehtiyat edərək Jirinovski ilə görüşməyəcəyini açıqlayıb.
Digər tərəfdən axı Jirinovski Azərbaycan xalqını təhqir edəndə hakimiyyət nümayəndələri onu “asıb-kəsərək” vətənpərvərlik nümayiş etdirirdilər. Məsələn, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov onu psix və siyasi təlxək adlandırmışdı. Onun fikirlərini ixtisarla təqdim edirik: “Vladimir Jirinovskiyə siyasi təlxək deyirlər, fikrimizcə, ”tərif” doğrudursa da, natamamdır, çünki o, həm də xəstə siyasi təlxəkdir…
Bu sarsağın sayıqlamalarına əhəmiyyət verməmək də olardı, amma bu sözlərin Rusiya parlamentinin divarları arasında səslənməsi və orada heç olmasa kiçik bir etiraza səbəb olmaması təəssüf doğurur…
Artıq neçənci dəfədir ki, Jirinovski Azərbaycan xalqını, dövlətini təhqir edən bəyanatlar verir. Belə açıqlamalara münasibətdə Rusiyanın rəsmi dairələrində, elə bizdə də bəzən deyirlər ki, Jirinovskinin fikirləri “dəli sayıqlamalarıdır”.
Lakin bütün bunlara baxmayaraq indi hansısa səbəbdən Jirinovski Azərbaycan hakimiyyəti üçün əziz qonaq olub. O, hətta Ilham Əliyev səviyyəsində qəbul edilir.
Jirinovski özü də jurnalistlərə açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, burada insanların rus dilində çox yaxşı danışdıqlarını bildirib. O, Azərbaycanda barəsində mənfi fikir formalaşmasına və hazırda Azərbaycan barədə müsbət fikirlər söyləməsinin səbəblərinə isə belə aydınlıq gətirib: “Bu, yanlış anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbassa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılma olur”.
Bir məqamı da qeyd edək ki, Jirinovskini görüşlərdə deputat Səməd Seyidov müşayiət edib. Bu o Səməd Seyidovdur ki, Vaşinqtonda “Rusiya və Iran bizi sendviç kimi əzir” deyərək şimal qonşumuzun təzyiqlərinə görə Qərbdən yardım diləmişdi.