Həsən Hüseynli Şüvəlan təcridxanasına gətirilib

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin həbsdə olan rəhbəri Həsən Hüseynli Gəncədən Bakıya – Şüvəlan təcridxanasına gətirilib. Bunu “Media forum” saytına Həsən Hüseynlinin qardaşı Adil Hüseynli deyib.

O bildirib ki, Həsən Hüseynli Şüvəlan təcridxanasına sentyabrın 25-də gətirilib və bir müddət sonra onun buradan cəzaçəkmə müəssisələrindən birinə köçürüləcəyi gözlənir.

Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı ilə məhkum olunub. Hökmə görə, QHT rəhbəri bu il martın 31-də Gəncə sakini Arzu Qəhrəmanovu bıçaqla yaralayıb. İyulun 14-də Gəncənin Nizami Rayon Məhkəməsi Həsən Hüseynlini 6 il müddətinə azadlıqdan məhrum edib və o, məhkəmə zalında həbs olunub. Sentyabrın 9-da Gəncə Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. İşdən Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəməyə şikayətdə iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi tələbi qoyulub.