Avropa İttifaqı antiterror xidmətinin rəhbəri Suriya və İraqdakı İslam Dövləti sıralarında 3 mindən artıq Avropa ölkələri vətəndaşının olduğunu bildirib.
BBC-ə müsahibəsində Gilles de Kerchove deyib ki, Qərbin hava zərbələri Avropada intiqam hücumları riskini artıra bilər.
ABŞ rəhbərliyi ilə yaradılmış koalisiya qüvvələri avqust ayından bəri İslam Dövlətinin İraqdakı hədəflərinə 200-dən artıq hava zərbəsi endiriblər.
Bazar ertəsindən etibarən bu əməliyyatlar Suriya ərazisinə də genişləndirilib.
Gilles de Kerchove deyib ki, Avropa ölkələrinin vətəndaşları Yaxın Şərqə xilafətin qurulması barədə İD bəyanatından sonra yollanıblar.
Bundan əvvəl ABŞ ordusunun nümayəndəsi İD hədəfərinə qarşı həmlədə müxtəlif növ təyyarə və Tomahawk tipli raketlərdən istifadə edildiyini bildirib.
Prezident Barak Obama bəyan edib ki, İraq və Suriyada geniş əraziləri ələ keçirən İD-ə qarşı hava zərbələri cihadçı hərəkatı zəiflətmək və məhv etmək məqsədilə həyata keçirilir.
Bu həftə həmçinin bəlli olub ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində ölkədən kənarda silahlı qrupları yaratmaq və digər oxşar maddələrlə ittiham olunan 26 Azərbaycan vətəndaşı saxlanılıb.