Azərbaycan Qərbə qarşı Rusiya ilə anlaşdı

Xəzərə regiondankənar dövlətlərin hərbi qüvvələrinin buraxılmaması barədə razılığa gəlinib

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Xəzəryanı beş dövlət (Rusiya, Iran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) Xəzərə regiondankənar dövlətlərin hərbi qüvvələrinin buraxılmaması barədə razılığa gəliblər. Xəzəryanı ölkələr hələ ki, Transxəzər boru kəmərlərinin tikinti rejimi üzrə razılığa gələ bilməyiblər.
Itar-Tass agentliyinin məlumatına görə, Uşakov bu məsələnin sentyabrın 29-da Həştərxanda keçirilməsi nəzərdə tutulan Xəzər sammitində müzakirə ediləcəyini deyib.

Daha öncə keçirilmiş sammitdə keçmiş Rusiya prezidenti Dmitri Medvedev bu məsələnin ölkəsi üçün çox aktual olduğunu vurğulamışdı və Rusiyadan xəbərsiz çəkilən istənilən kəməri hətta hərbi müdaxilə yolu ilə dayandıra biləcəklərini söyləmişdi. Moskvanın sammit öncəsi məsələni yenidən gündəmə gətirməsi Xəzəryanı ölkələrə bu məsələ ilə bağlı mövqelərini xatırlatmaq məqsədi daşıyır. Rusiya bu addımı atmaqla Türkmənistan qazını Transxəzər qaz kəməri ilə Avropaya daşımaq istəyən Qərbin niyyətlərinin üzərindən xətt çəkir.

Ekspert bu addımı müəyyən mənada Qərbə qarşı addım kimi qiymətləndirir. Onların fikrincə, bu əslində NATO və Qərb ölkələrinin Xəzərdə hər hansı formada hərbi iştirakının qarşıısını almaq məqsədi daşıyır. Ekspertlər deyir ki, Azərbaycanın da bu layihədə yer alması Qərblə münasibətləri daha kəskinləşdirə bilər.

Politoloq Vəfa Quluzadə isə məsələyə başqa cür yanaşır. Vəfa Quluzadənin fikrincə, Uşakovun bu açıqlaması əslində Xəzəryanı ölkələr arasında ciddi razılaşmaların əldə olunmamasını göstərir: “Xəzərdə regiondankənar ölkələrin hərbi qüvvələrinin buraxılmaması barədə razılaşma boş şeydir Çünki Xəzər onsuz da bağlı dənizdir. Tutaq ABŞ, Böyük Britaniya haradan Xəzərə hərbi qüvvə yeridə bilər ki? Heç onlar bunu istəmirlər. Sadəcə Rusiya görüntü yaradır ki, guya müzakirələr nəticəsiz qalmayıb və hansısa razılaşma əldə olunub. Bu, Qərbi qarşı kimi yozula bilər. Amma effektsiz bir addımdır. Daha doğrusu ümumiyyətlə burada hər hansı ”addımdan” söhbət getmir”.