“Generalın müavini Qabil Qasımov məni təhqir etdi”
“İstintaq qatilin atasıya birləşib oğlumun qanını batırmaq istəyir”
Bir neçə gün öncə keçmiş qaynı Ürfan Rzayev tərəfindən amansızlıqla qətlə yetirilən Kamal Rüstəmovun atası Əli Rüstəmov Moderator.az-a üz tutaraq növbəti dəfə baş prokuror Zakir Qaralova şikayət edib.
Zərərçəkmiş bildirib ki, ötən gün onu, həyat yoldaşını və bacısını Baş Prokurorluqda çox pis qəbul ediblər və zərərçəkmişlər polkovnik Qabil Qasımov tərəfindən təhqir olunublar. Ə. Rüstəmov bildirir ki, özünü generalın müavini kimi təqdim edən həmin prokurora istintaqın Göygöl rayonundan alınaraq istənilən başqa rayona verilməsini xahiş ediblər, o isə bundan əsəbləşərək qərarın dəyişdirilməyəcəyini bildirməklə kifayətlənməyib, “bəyənmirsiniz, ölkəni tərk edin gedib bəyəndiyiniz ölkədə yaşayın”- deyə övlad itirimiş valideynləri təhqir edib.
Əli Rüstəmov onu da bildirdi ki, söhbətdə zona prokuroru Elvin Mirzəyev də iştirak edib və o da qeyri-adi cavabı ilə zərərçəkmişləri hiddətləndirib. Belə ki, adının çəkilməsini istəməyən şahid ifadələrini əsas götürən Ə. Rütəmov təkidlə oğlu Kamalı təkcə Ürfanın deyil, onunla birgə gələn digər şəxslə birlikdə öldürdüyünü deməsindən hirslənən E. Mirzəyev “Siz Ürfanı elə də zəif bilməyin. O təkbaşına adam da öldürər, bir az da o tərəfə keçər” cavabını verib.
Ə. Rüstəmov sonda onu da bidirdi ki, qatilin atası istintaqla əlbir olaraq oğlunun qanını batırmaq üçün planlar qururlar və Ürfan Rzayevin cəzasını yüngülləşdirmək üçün bir müddət onu psixiatirya xəstəxanasında yatırtmaq istəyirlər. Ə. Rüstəmov onu da bildirdi ki, adının çəkilməsini bəlli səbəbdən istəməyən şahidlər and-amanla deyirlər ki, hadisədən sonra Ürfanın bacanağının maşınındakı qan ləkələrini yuyarkən bir neçə parça əvvəlcədən qoyulmuş buz görərək heyrətləniblər. Bəlli olub ki, Ürfan hadisəni törədəndən sonra məhz bacanağı ona izi azdırmaq üçün kürəyinə bıçaqla yüngül xəsarət yetirib və qanı çox axmaması üçün əvvəlcədən tədarük gördükləri buzu yaraya basıb qanaxmanı dayandırıblar.
Bundan əlavə Əli kişi onu da bildirdi ki, istintaq guya Kamalın iş yerinə gedən Ütrfanın birinci dəfə Kamalın bıçaq zərbəsindən yerə yıxıldığını, sonradan guya Ürfanın ayağa qalxaraq Kamalın əlindəki bıçağı alıb onu qətlə yetirdiyini quraşdırmağa çalışsa da qətl törənən yerdə ancaq Kamalın qanı olması istintaqın bu niyyətini ifşa edir. Amma kimsə bunlara baxmır və oğlunun qanını göz görə-görə batırmaq istəyirlər…