ABŞ rəsmisi Əli Həsənovun cavabını verdi

Tomas Melia: “Obamanın mesajı yaxşı məlumata əsaslanıb”

«Obama-nın Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə dair mesajı yaxşı məlumata əsaslanıb». Bunu ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia sentyabrın 25-də “Azadlıq” radiosuna açıqlamasında deyib.

ABŞ prezidenti Barak Obama bu günlərdə deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır.

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə ABŞ prezidentinin tənqidlərinin obyektiv olmadığını bildirib. Onun dediyinə görə, ABŞ prezidentinə doğru məlumat vermirlər.

«Obama həmin bəyanatı verməmişdən öncə yaxşı məlumatlandırılıb. Biz durumu izləyirik və mən tezliklə Azərbaycana səfər edəcəyimi gözləyirəm», – deyə Tomas Melia bildirib.

Bir il öncə Azərbaycan hökuməti onun səfərindən imtina edib.

Tomas Melia həmçinin Senatın Azərbaycanda səfir postuna Robert Cekuta-nı təsdiqləyəcəyini gözlədiklərini söyləyib.