«Sanksiya tələbi açıq qoyulmalıdır»

Vidadi Mirkamal: «Beynəlxalq təşkilatlar Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməyəcəyi təqdirdə, ciddi sanksiyalara məruz qalacağını birmənalı vurğulamalıdırlar»

Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) prezidenti Ann Brasserin Azərbaycana səfəri uğurlu olmayıb. Bunu Brasserin səfərdən sonra səsləndirdiyi fikirlərə əsasən söyləmək olar. Azərbaycanın AŞ-ya daxil olarkən könüllü olaraq demokratiya, qanunun aliliyi və insan hüquqları sahəsində üzərinə öhdəliklər götürdüyünü xatırladan A.Brasser vurğulayıb ki, onlar təkcə siyasi deyil, həm də hüquqi xarakter daşıyır və mütləq icra olunmalıdır. Ölkədə güclü müxalifətin fəaliyyət göstərməsi üçün qanunverici zəmanətlərin olmadığını və bunsuz da demokratiyanın mümkün olmadığını xatırladan A.Basser keçirdiyi mətbuat konfransında diqqəti vətəndaş cəmiyyət fəallarının son həbslərinə yönəldib. O, bildirib ki, Azərbaycana üç günlük səfəri zamanı prezidentlə də görüşü olsa da, həmin görüş bir nəticə verməyib. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin fəaliyyəti, ifadə azadlığı hüququnun reallaşması üçün normal şərait yaradılmalıdır.

“AŞPA prezidenti İlham Əliyevlə görüşündə QHT nümayəndələrinin təkid etdiyi kimi siyasi məhbusların dərhal azadlığa buraxılmasını xahiş edibmi?” sualının cavabında Brasser deyib ki, hələ fəallarla görüşündə qeyd etmişdi ki, “heç kim belə təklifi qəbul etməz”. «Burada sistemdəki problemlərə nəzər salmaq lazımdır. 1-2 nəfərin azad olunmasına mən, təşkilatları və ailələri sevinəcək. Əlbəttə bu yaxşı haldır, ancaq problemin həlli deyil. Ona görə mövcud sistemin özünü dəyişmək çox vacibdir”, deyə AŞ PA prezidenti vurğulayıb.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal vurğuladı ki, hakimiyyətin hazırda yürütdüyü siyasətin dəyişməyəcəyi təqdirdə ölkədə vəziyyətin daha da acınacaqlı olacağı demokratik düşərgənin nümayəndələri tərəfindən dəfələrlə söylənilib. Azərbaycanda kökülü dəyişikliklərin zamanının çatdığını deyən V.Mirkamal da qeyd etdi ki, ölkədə yanaşmanın dəyişməsi həqiqətən də mövcud sistemin dəyişikliyindən asılıdır:  «Beynəlxalq təşkilatlar Azərbaycana təzyiq edir. Amma hakimiyyət siyasi məhbuslardan birini azadlığa buraxaraq, daha sonra beşini tutur. Belə çıxır ki, hakimiyyət bu siyasətini beynəlxalq təşkilatların acığına davam etdirmək niyyətindədir. Bundan başqa iqtidar bu addımı ilə siyasi məhbus problemindən daim təzyiq vasitəsi kimi istifadə etmək niyyətində olduğunu  nümayiş etdirir. Yürüdülən siyasətlə hakimiyyət eyni zamanda həm ölkə daxilində əhalini qorxudur, həm də siyasi oponentlərini sıradan çıxarır».

V.Mirkamal onu da vurğuladı ki, hakimiyyətin yürütdüyü siyasət eyni zamanda ölkədə olan dəhşətli korrupsiya faktlarını da ört-basdır etməyə xidmət edir. Çünki bu korrupsiya əməlləri barəsində danışanlar dərhal müxtəlif qondarma ittihamlarla həbsxanaya atılır: «Biz bu məqamları dəfələrlə vurğulamışıq. Düşünürəm ki, bu istiqamətdə hakimiyyətə yanaşma düzgün deyil. Həm müxalifət qüvvələri, həm QHT-lər beynəlxalq təşkilatlardan sistemli yanaşma tələb etməlidirlər. Hakimiyyət hazırda gördüyünüz kimi müxtəlif təşkilatlardakı nümayəndələrinə Avropa Parlamentinə, Avropa Birliyinə qarşı bəyanatlar səsləndirmək əmri verib. Beynəlxalq təşkilatlar Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməyəcəyi təqdirdə, ciddi sanksiyalara məruz qalacağını birmənalı vurğulamalıdırlar. Beynəlxalq təşkilatlarda sistemli yanaşma olmasa, ölkədəki siyasi məhbusların sayı daim artacaq».

Xəyal