Biri o birini balkondan atdı
Bir neçə gün öncə Bakının Nərimanov rayonunda nədənsə heç bir kriminal hesabata salınmayan bədbəxt hadisə baş verib.
Məlumata görə, Rusiyanın Azərbaycandakı səfirliyinin gənc bir əməkdaşı mənzil kirayələdiyi yaşayış binasının yuxarı mərtəbələrinin birindən yıxılıb. Gənc rus diplomat yerə yıxılarkən sərxoş vəziyyətdə olub.
Onun hündürlükdən yıxılmasına Rusiya səfirliyində işləyən digər rusiyalı həmkarı ilə dalaşması səbəb olub. Belə ki, ilkin versiyaya görə, gənc diplomatlar bir yerə içiblər, sonra da mübahisə və dava etməyə başlayıblar. Ehtimal belədir ki, biri digərini yerə atıb. Onların ad-soyadları açıqlanmır.
Yayılan bu məlumatı Rusiya səfirliyi ilə dəqiqləşdirmək mümkün olmayıb. “Turan”ın səfirliyin mətbuat xidmətinə açdığı telefon zəngləri cavabsız qalıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən isə bu məlumata hər hansı şərh vermək istəməyiblər.


