“Bunlar Azərbaycanı öz səviyyələrinə endirmək istəyirlər”

“Görünür, ölkəmizdə hakimiyyət ehtirasları namus anlayışını da arxa plana keçirib”

“Səid Nurinin videosunu görən hansı əcnəbi Azərbaycana gələcək?”

Cəmil Həsənli bu müsahibəni olke.az saytına verib. Razılaşmaya əsasən, müsahibə C.Həsənlinin redaktəsindən sonra dərc olunmalıymış. Lakin sayt razılaşmanı pozub. Bu səbəbdən də C.Həsənli müsahibəni “Azadlıq”a təqdim edib. 

– Cəmil müəllim, əvvəlcə başlayaq Milli Şuradan. Orada son durum necədir?

– Milli Şura yarandığı gündən bəri hakimiyyətin repressiyası şəraitində, açıq və ya qapalı təzyiqlər şəraitində fəaliyyət göstərir. İnsanlara təzyiq edirlər ki, Milli Şuradan çıxsınlar. Çıxmayanları da incidirlər. Bir il bundan qabaq prezident seçkiləri zamanı Oktay Gülalıyev mənim mətbuat xidmətimə rəhbərlik edirdi. O vaxt onun oğlu ilə bağlı hadisə baş vermişdi. Oktay Gülalıyevin oğlunu bıçaqlamışdılar və bu uşaq o vaxt zərərçəkən kimi tanınmışdı. Üstündən bir il keçdikdən sonra onu çevirdilər təqsirləndirilən şəxsə. İndi təqsirləndirilən qismində Xətai rayon məhkəməsində mühakimə olunur. Nədir bunlara səbəb? Səbəb odur ki, Oktay Gülalıyev ona edilən təzyiqlərə tab gətrib, iradə nümayiş etdirib, Milli Şura ilə bağlı ona edilən təkliflərə rəd cavabı verib. Buna görə də Oktay Gülalıyevi cəzalandırmaq lazım idi və cəza olaraq oğlundan istifadə etdilər. Sual olunur: Ötən il baş verən hadisəni niyə indi ayrı müstəvidə yenidən qayıdırlar? Çünki Oktay bəyin fəaliyyətində ayrı “kriminal” tapa bilmirlər. Yaxud Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü  Eldəniz Quliyevin xüsusi ittiham qaydasında məhkəməyə verilməsi bilavasitə onun bir ziyalı kimi fəaliyyəti ilə bağlıdır. Onun polis haqqında ifadələrini sintez edirlər. Əslində isə Eldəniz bəyə təşəkkür edilməlidir ki, Daxili İşlər Nazirliyi, polis adına ləkə gətirənlər haqqında öz mövqeyini bildirib. Bunun əvəzində nə etdilər? Eldəniz bəyi xüsusi ittiham qaydasında məhkəməyə verdilər. Niyə? Ona görə ki, Milli Şuranın bir neçə iclası onun ofisində keçirilib. Leyla xanım Yunus və digər siyasi məhbusların müdafiə komitəsinin bir neçə iclası Eldəniz bəyin ofisində keçirilib. Taleyin qəribə təzadıdır. Eldəniz bəy Xocalı faciəsi haqqında hələ indiyə qədər rəqabətlə qarşılaşmayan, “Haray” filminin ssenari müəlliflərindən biridir və 1948-ci ildə məhz Xocalıda doğulan daxili işlər naziri Ramil Usubov isə onu nazir kimi yox, bir vətəndaş kimi məhkəməyə verir. Çox təzadlıdır. Üstündən 21 il keçməsinə baxmayaraq biz hələ Xocalı haqqında “Haray”dan təsirli film çəkə bilməmişik. Bu film çox mükəmməl bir ekran əsəridir və bu əsərin müəllifi Eldəniz Quliyev xocalılı Ramil Usubovun şikayəti əsasında xüsusi ittham qaydasında məhkəmə qarşısında dayanıb. Niyə? Ona görə ki, Milli Şuranın üzvüdür və Milli Şuranın bir neçə toplantısı onun ofisində keçrilib. Götürək elə Leyla Yunusu. Leyla xanım 30 ilə yaxındır insan hüquqlarının qorunması ilə məşğul olub. Zaman olub ki, hakimiyyətin ünvanına bundan da sərt sözlər deyib. Niyə məhz indi həbsə salınır, müvəqqəti saxlama yerində də başına o müsübətlər gətirilir? Ona gör ki, Milli Şuranın rəhbərliyində təmsil olunur və Milli Şuranın toplantıları təxminən 2 ay Leyla Yunusun ofisində keçrilib. Yeni həbs olunmuş Seymur Həzi də Milli Şuranın üzvüdür. Bu gün Seymur öz intellektual potensialı, iradəsi və mübarizə əzmi ilə cəmiyyətə nümunə verir. “Azərbaycan saatı”, “Azadlıq” qəzeti və sosial şəbəkələrdəki fəaliyyətinə hakimiyyət dözmədi. Qurama bir “xuliqanlıq” hadisəsini özləri törədib özləri də həbsə aldılar. Bu gün Milli Şuranın 9 nəfər üzvü həbsdədir və bunların böyük bir hissəsi intellektual insanlardır. Onlar alimlərdir, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, oturuşmasında böyük xidmətləri olan insanlardır, mənəvi sahənin təmsilçiləridirlər, islam üləmalarıdırlar. Ona görə də, Milli Şura bir növ ekstrimal şəraitdə işləyir. Əsasən toplantılarımız Xalq Cəbhəsinin qərargahında olurdu. Oranı partlatdılar, nəinki partlatdılar, ermənilər Xocalını yer üzündən sildikləri kimi Bakıda müxalifətin ofisini də Azərbaycan hakimiyyəti yerlə bərabərləşdirdi.  Ora Azər Əsgərovun xüsusi mülküyyəti idi. Bu günə qədər mülkünün dəyərini də vermirlər. Təqiblər dövləti səviyyədə, sistemli şəkildə davam edir. Ancaq biz sentyabrın 14-də öz sessiyamızı keçirdik və çox da normal bir sessiya oldu. Bir sıra mətbuat orqanlar belə bir fikir səsləndirdilər ki, guya Milli Şuranın sesiyasında kvorum olmayıb. Görünür bu media orqanları ya özləri qeyri-ciddi orqanlarıdır, ya da bizi qeyri-ciddi adam hesab edirlər. Necə ola bilər ki, kvorum olmaya-olmaya sessiya keçirək? Milli Şuranın hal-hazırda 75 nəfər üzvü var. Onlardan 9-u həbsədir, 6-sı isə daimi olaraq xaricdə yaşayır. Təəssüflər olsun ki, Milli Şura yaranandan bəri həbsdə olan və daimi olaraq xaricə gedənlərinin sayı artıb. 75 nəfrdən 15 nəfəri çıxanda qalır 60 nəfər. Milli Şuranın nizamnaməsinə görə, Azərbaycanda olan üvlərinin 50+1nəfəri sessiyadai iştirak edərsə, bu o deməkdir ki, yetərsay var. 50+1 isə 31 nəfər deməkdir. Bizim sessiyamızda isə 38 nəfər iştirak etdi. Sonra daha bir nəfər üzvümüz də gəldi, ancaq gecikdiyinə görə onu kvoruma daxil etmədik. Sessiyada gördüyünüz kimi kvorumdan da artıq Milli Şura üzvləri iştirak edib. Sessiyamızda mühüm qərarlar qəbul olundu. Uzun müddətdir Milli Şuraya qəbul olunmaq üçün müraciətlər var idi. Biz müraciətlərə Koordinasiya mərkəzində baxdıq və onların bir hissəsinin qəbul olunmasını sessiyaya tövsiyə etdik. Milli Şuraya qəbul yeni qəbul olunan üzvlər demək olar ki, hamısı intellektual insanlardır. Məsələn Vahid Məhərrəmli – Vahid bəy, bu gün kənd təsərrüfatı iqtisadiyyatı üzrə ən yaxşı mütəxəssisdir. Kənd təsərüffatının iqtisadiyyatı ilə bağlı çox gözəl araşdırmaların müəllifidir. Məhəmməd Talıblı – tanımmış iqtisadçıdır, sosial-iqtisadi mövzuda elmi və populyar kitabların müəllifidir. Fəxrəddin Mehdiyev – fədakar bir vəkildir. Siyasi işlərdə, Nidaçıların məhkəməsində gəncləri müdafiə edir və heç nədən çəkinməyən yetkin bir hüquqşünasdır. Bir müddət əvvəl  “Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığı təşkilatı dünyada diktatura rejimlərinə qarşı mübarizə aparan 100 jurnalistin siyahısını  müəyyənləşdirib. Onlardan üçü Azərbaycandandır. Bunlar Xədicə İsmayılova, Məlahət Nəsibova və Qənimət Zahiddir. Ötən sessiyada Qənimət bəy və Məlahət xanım Milli Şuranın üzvü oldular. Bu gün dünyanın dəyərləndirdiyi üç qəhrman jurnalistdən ikisi Milli Şuranın üzvüdür. Zabit şərəfinə ləyaqətli münasibətin nümunəsini yaratmış İsa Sadıqovu da Milli Şuraya üzv qəbul etdik. Tanımmış yazar Araz Gündüz də Milli Şuraya üzv oldu.Ukraynada yaşayan Yalçın Qəhrəmanlı da Milli Şuraya üzv olmaq üçün müraciət etmişdi. O, Ukraynada yaşayır və daim Milli Şuraya dəstək vermiş bir şəxsdir. Hesab edirəm ki, bu cür şəxslərin Milli Şuraya üzv olması təşkilatın intellektual potensialının göstəricisidir. Biz son həbslərlə bağlı müzakirələr müzakirələr keçirdik, Azərbaycan xalqına müraciət qəbul etdik. Bütün hallarda Milli Şura öz fəaliyyətin davam etdirir, Azərbaycan qanunları daxilində edə biləcəyi şeyləri edir və bundan sonra da fəaliyyətini davam etdirəcək.

– Mirmahmud Mirəliğolunun Milli Şuranın son iclasına qatılmadığını bilirik. Bu məsələni özü şərh etmədi , sizcə bu gələcək qopmanın siqnalı deyilmi?

– Milli Şura demokratik təşkilatdır. Onun yaranmasında, təşkilatlanmasında, xüsusilə bəzi böhranlı məqamlarda qorunub saxlanmasında  Mirmahmud ağanın diqqətəlayiq xidmətləri olub. Mənim bildiyim qədər Mirmahmud ağa ilk sessiya idi ki, onun işinə qatılmamışdı, qalan bütün sessiyalarda çox aktiv iştirak edib. Ona görə bu məsələ ətrafında süni olaraq bu qədər söz-söhbət yaradılması idarə olunan mətbuat və media qurumlarına verilən sifarişlərdən irəli gəlir. 

– Sizcə keçən prezident seçkiləri ümumilikdə müxalifətin elektoratına necə təsir etdi. Cəmiyyətdə müxalifətin sosial bazasının məhv olduğu düşüncələri var, bu nə qədər həqiqətə uyğundur?

– Ötən prezident seçkilərində bizim sosial bazamız yalnız müxalifətdən ibarət deyildi. Bizim sosial bazamızın dairəsi çox geniş idi. Həmin dövrdə sosial sorğular keçirilirdi. Bu sorğularda iştirak edənlərin böyük əksəriyyəti müxalifətçi deyildi. Əslində bunlar daha çox cəmiyyətin intellektual kəsimi idi. Hansısa internet sorğusunda iştirak etmək, bu bir intellektual potensialın təzahür forması idi. Bu sosial sorğularda iştirak edənlər seçkilərdəki vəziyyətin necə olduğunun açıq göstricisi idi. Bizim əlimizdə ən böyük tutarlı istinaq nöqtəsi ATƏT-in Varşava bürosunun rəyi idi. Maraqlıdır ki, Varşava Bürosunun rəyi ilə müxtəlif qurumların keçirdiyi sorğular çox məqamda üst-üstə düşürdü. Hətta bir dəfə “texniki xəta” üzündən bir neçə saniyəliyinə ANS televiziyası da keçirdikləri sorğunun gerçək mənzərəsini ekrana çıxardı.  Niyə biz Varşava Bürosunun rəyinə istinad etməliyik? Çünki ATƏT-in Varşava bürosu Avropa məkanında seçkilərin monitorinqini aparmağa siyasi və hüquqi səlahiyyəti olan yeganə təşkilatdır. Qalan bütün monitorinq qurupları könüllülük əsasında təşkil olunur. Varşava birosunun rəyi ondan ibarət oldu ki, Azərbaycanda 9 oktiyab prezident seçkilərində saxtakarlığın səviyyəsi 58% olub. Halbuki, Azərbaycan qanunlarına görə, bu göstərici 25% həddində olarsa seçkilrin nəticələri ləğv olunmalıdır. Seçki demokratiyasına, respubilka üsul-idarəsinə, konisitusiyaya hörmət edən bir hakimiyyət bunu nəzərə almalı idi. Reallıq belə idi ki, ötən seçkilərdə Azərbaycan əhalisinin seçki məntəqəsinə gələn hissəsi  qorxa-qorxa, hürkə-hürkə olsa da böyük əksəriyyəti Milli Şuraya səs verdi. Onlar bunu etdilər, ancaq Azərbaycanda səsvermə artıq seçkinin taleyini müəyyən etmək üçün meyar funksiyasını itirib. Yeri gəlmişkən son bir il ərzində dünyanın bir sıra aparıcı elmi mərkəzləri Milli Şuranın ötən ilki seçki təcrübəsini uğurlu bir hadisə kimi öyrənir və tədqiq edir. Bunlardan biri kimi İsveçin Tomas Mor institutu ötən Azərbaycanda ötən ilki seçkilərlə bağlı çox maraqlı araşdırma hazırlayıb. Onun bir bölməsi belə adlanır: “Cəmil Həsənli məqamı”.  Orada göstərilir ki,  Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin gözlənilməz çıxışları, yeni seçki taktikası hakimiyyətin qələbəsini şübhə altına aldı və Azərbaycan müxalifətinin seçkilərədə qələbə çala bilməsi faktının mümkünlüyünü nümayiyiş etdirdi, bütün hallarda 2013-cü il  gələcək dirçəlişin əsasını qoydu. Bax bu sözlər 9 oktyabr seçkiləri haqqında 60 səhifəlik bir araşdırma aparmış mötəbər bir Avropa institutunun rəyindəndir. 

– Gələcək parlament seçkiləri müxalifətə nə vəd edir?

– Azərbaycanda tez-tez belə ifadələr işlədirlər ki, müxalifət zəifdir, sosial bazası yoxdur. Müxalifət zəifdirsə niyə seçki saxtakarlığını 58%-ə qaldırırsan? Ölkədə bir dəfə normal, ədalətli, demokratik seçki keçirilsin, görsünlər kimin sosial bazası nədən ibarətdir. Bu ölkə azad seçki üzünə həsrətdir. Müxalifətin gücü harda müəyyən olsun? Bu ancaq seçkidə müəyyən oluna bilər, bu ölkədə isə seçki keçirilmir. Misal üçün, 2005-ci ilin parlament seçkilərində müxalifət nümayəndələri 75 dairədə açıq qələbə qazanmışdılar. Bunların açıq qələbəsini əllərindən aldılar. Avropa İnsan Haqları Məhkəməsinə 2010-cu il seçkiləri ilə bağlı 76 şikayət gedib və bu 76 şikayətdən 51-i baxılmaq üçün qəbul edilib. Bu 51 şikayətin də böyük əksəriyyətində vəkil kimi İntiqam Əliyev çıxış edir. Indi neynirlər, 51 şikayət o qədər açıqdır ki, bu şikayətlər Avropa məhkəməsi tərəfindən qəbul olunacaq. 51 şikayt qəbul olunanda nə olacaq? 125 deputatın beynəlxalq məhkəmə tərəfindən mandatının saxtalığı təsdiq olunanda onda belə çıxacfaq ki, Parlamentin 40%-i saxta mandatla öz yerlərində əyləşiblər. Bu beynəlxalq məhkmə qərarı ilə Azərbaycan parlamentinin qeyri-legitim vəziyyətə düşməsi demkdir. Bunu üçün qabaqlayıcı addımlar atırlar. Qabaqlayıcı addımlar nədən ibarətdir? Əvvəlcə bu şikayətçiləri hakimiyyət nümayəndələri çağırıb söhbət edirlər. Bildirirlər ki, biz qəbul edirik ki, sizin hüququnuz pozulub və bunun müqabilində biz sizin hər birinizə 7 min 500 avro pul veririk. Bu rəqəmi də ona görə götürürlər ki, bir qayda olaraq Avropa məhkəməsi, baxmayaraq ki, Flora xanımla bağlı böyük məbləğ kəsmişdi, Əli Kərimli ilə bağlı 30 mind avrodan yuxarı məbləğ cərimə kəsmişdi, amma orda da belə bir ənənə formalaşıb ki, 7,8 min avro arası cərimə kəsilir. Hakimiyyət təklif edir ki, biz sizə 7 min 500 avro veririk, siz şikayətinizi geri götürün. Əslində bu saxtakarlaığın etirafıdır, amma əmin deyillər ki, hamı şikayətini geri götürəcək. Ona görə də, Avropa məhəməsində işləri aparmağı yubatmaqdan ötrü, işlərin böyük əksəriyyətini aparan vəkili bu işlərdən təcrid etmək qərarına gəldilər. Intiqam Əliyevi həbs etmək lazım idi ki, komminukasiya dayansın. Son həftə ərzində məlum oldu ki, Azərbaycanın hüquq mühafizə orqanlarında vəzifə dəllalları oturub. İcra başçısı yerinin satın alınması ilə bağlı məsələdən sonra Ağır cinaytlərə dair işlər üzrə məhkəmənin hakimi Həsən Əliyev işdən çıxarıldı. Axı bu Həsən müəllim düz 7 il ağır çinayətlər üzrə məhkəmədə hakim işləyib və yüzlərlə ağır cinayətlərin məhkəmə araşdırmalarını aparıb, Azərbaycan Respublikası adından hökmlər çıxarıb, insanların taleyini həll edib. Bəs bunlar necə olacaq. Az sonra elan olundu ki, Nərimanov rayon prokroru, onun müavini, köməkçisi işdən çıxarılıb. Hesab edək ki, Ramazanov ərizə verməyəcəkdi, bu xidmətə nəzarət edən başqa bir qurum yoxdur? Gərək Ramazanov ərizə verəydi ki, “bunlar mənim pulumu alıb vəzifə vəd edirdilər və indi vermirlər” və bundan sonra məsələ araşdırıldı? Bəs xidmətə nəzarət orqanları haradadır? Amma təəssüflər olsun ki, bu yeganə fakt deyil. Son zamanlar o qədər təsadüfü adamlar, mənəvi cəhətdən yetkin olmayan, kamil olmayan, alverçi təbiəti ilə gün keçirən, varlanmaqdan başqa ayrı bir həyat qayəsi olmayan o qədər təsadüfü adamlar hakimiyyətə gətirildi ki, bu cür faktlar Azərbaycan reallığının adi həyat normasına çevrildi. Əgər başqaları haqda belə faktlar açılmayıbsa, kim təminat verə bilər ki, o biriləri bu işlə məşğul olmur. Bu gün icra başçılarının idarəçiliyi ilə bağlı regional satraplar var. Bunu xalq çox gözəl bilir. Məsələn söz-söhbət gəzir ki, 15 icra başçısının “ağsaqqallığını” filan nazir, 10 icra başçısını filan nazir edir. Bir nazirin nə qədər biznes strukturu olar, nə qədər şirkəti, kampaniyası, holdinqi, media qurumları olar? Axı konistitusiya ona görə qəbul olunmayıb ki, hansısa şüşənin altında görüntü üçün saxlanılsın. Konistitusiya ona görə qəbul olunub ki, işlək mexanizmə çevrilsin. Əgər hansısa nazirin 200-dən artıq şirkəti varsa deməli o, dövləti də şirkətləşdirib.  Bütün bu hallar dəryalarca qan verib qazandığımız bu dövlətə dövlətdən çox holdinq xarakteri verir. Böyük bəla, böyük fəlakət bundadır.

– Cəmil müəllim, qarşıdan gələn parlament seçkilərinə Milli Şura olaraq qatılacaqsız?

– Şübhəsiz ki, Milli Şura parlament seçkiləri ilə bağlı öz mövqeyini açıqlayacaq.  Amma hansı seçkilərə? Əgər seçki islahatı olmayacaqsa, bu seçkidə iştirakın nə mənası var? Azərbaycanda konistitusiyanın birinci maddəsi işləmir. Niyə birinci maddə? Ona görə ki, birinci maddə hakimiyyətin xalqa məxsusluğunun təminatıdır. Azərbaycan xalqı öz hakimiyyətini formalaşdırmaq haqqına malikdir. Xalq öz hakimiyyətini seçkilər yolu ilə formalaşdıra bilər. Əgər, seçki saxtakarlığının səviyyəsi 58% olubsa, deməli xalqın bu hüququ əlindən alınıb. Xalq öz hakimiyətini formalaşdırmaq hüququndan məhrum edilib. Məncə bütün demokratik düşərgənin, seçkiyə marağı olan düşərgənin başlıca qayəsi ondan ibarət olmalıdır ki, xalqın seçim haqqı onun özünə qaytarılsın. Bu mexanizm işləməsə, bu seçki də olacaq əvvəlki seçkilərdən biri.

– Cəmiyyətimizdə “Müxalifətçiliklə” “dövlətçiliyə sədaqət” qavramları qarışdırılır, sizcə bütün təbəqələri birləşdirmək üçün toplumumuzun siyasi ideyası nə olmalıdır?

– Bu ona görə qarışdırılır ki, orta əsr Fransasında məşhur monarx XIV Lüdovikin “Dövlət mənəm” ifadəsi geniş yayılmışdı. Ona görə də bu qavram qarışdırılır. Səbəbi isə, son 5-6 ildə Azərbaycanda yeridilən siyasətin nəticəsi olaraq bir çoxları üçün dövlətin İlham Əliyev olmasıdır. İlham Əliyevin haqqında deyilən tənqidi hər bir söz dövlətçiliyə qarşı yozulur. Məqamından asılı olmayaraq vəzifəli şəxs dövlət ola bilməz.  YAP üçün dövlət İlham Əliyevdir və milləti də belə düşünməyə məcbur edirlər. Bütün bunlar ölkədə azad fikrin təbliğinin məhdudlaşdırılması ilə bağlıdır.  Televiziyalar üzərində sərt nəzarət mexanizmi qoyulub. Siz aktiv, fəal bir jurnalist kimi televiziyaların cəmiyətin həyatında nələr edə biləcəyini ötən seçkilərdə gördünüz. İctimai Televiziya ondan ötrüdür ki, ictimayətin bütün zümrələri ondan bir tribuna kimi istifadə edə bilsin. İctimai Televiziya məhz bu zərurətdən yaranmışdı. Amma bu gün AzTV ilə İctimai TV arasında rəqabət olarsa, bunlar qarşılaşdırılarsa, İTV cəmiyyətin yox məhz hakimiyyətin maraqlarının ifadəçisi kimi çıxış edir. Azad sözün ekrandan səsləndirilmək imkanları yoxdur. Bu gün ən populyar qəzet çox yayılsa 50-60 min nüsxə yayıla bilər. Bu gün Azərbaycan hakimiyyətinin yeritdiyi siyasət nəticəsində deyə bilərik ki, vaxtı ilə Həsən bəy Zərdabinin buraxdığı “Əkinçi” qəzeti bölgələrə daha rahat çatırdı, nəinki bugünkü mətbuat. Bu Azərbaycan hakimiyyətinin mətbuata qarşı yeritdiyi siyasətin nəticəsidir. Mətbuatın işi  bir qayda olaraq xalqı maarifləndirmək olmalıdır. “Zerkalo” qəzeti məhz bu funksiyanı yerinə yetirirdi. Hakimiyyət isə bunda maraqlı görünmədi. “Azadlıq” qəzetinin vəziyyətinə baxaq. Dövlətə yaxın olan “Qasid” firması qəzetin 80 minə yaxın halal pulunu vermir. Digər tərəfdən dövlət qurumu olan “Azərbaycan nəşriyyatı” ondan 4 dəfə az olan nəşr xərclərini tələb edir. Əminliklə demək olar ki, bütün bu məsələlər prezident aparatından tənzimlənir. 

– Bu yaxınlarda Siyavuş Novruzov belə bir açıqlama vermişdi ki, sosial şəbəkələrdə və saytların şərh yerlərində şəxsiyyət vəsiqəsinin seria nömrəsini yazdıqdan sonra şərh yazılmalıdır və bunun parlamentdə müzakirə ediləcəyini bildirmişdi. Sizcə bu söz azadlığına necə təsir edər?

– Mən çalışıram ki, Siyavuş Novruzovun dediyi fikirləri şərh etməyim. Çünki onun dedikləri mənim üçün hansısa bir dəyər kəsb etmir. Amma vətəndaş şəxsiyyət vəsiqəsinin surətini 50 yerə verir. Kim təminat verə bilər ki, o vətəndaş vəsiqəsini təqdim etdiyi yerlərdən biri həmin nömrəni, ad, soyadı sosial şəbəkəyə daxil edib onun adından bir şey yaza bilməz? Bu nə ilə bağlıdır? Sosial şəbəkədə hakimiyyəitin vəziyyəti elədir ki, bunlar inzibati resusları işə salmaq istəyirlər. Sosial şəbəkədə hakimiyətin sosial bazası yoxdur. Və bu müstəvidə hakimiyyət son dərəcə acınacaqlı durumdadır. Hakimiyyət sosial şəbəkədəki rəqabətə dözə bilmir. Çünki bu meydanda  yalanı müdafiə etmək çox çətindir. 

– Bir müddət öncə Kəmalə Bənəniyarlının, bu yaxınlarda da Səid Nusinin videosu çıxdı. Bu mübarizə üsuludur?

– Bunun hamısı xüsusi xidmət orqanlarının işidir. Əfsuslar olsun ki, ərazisi işğal olunan bir ölkənin xüsusi-xidmət orqanları Səid Nurinin, Kəmalə xanımın yataq otağını güdür. Bunu sadəcə olaraq müvafiq qurumlar başa düşmürlər və anlamaq istəmirlər ki, o məsələlərə qurşanmış xüsusi-xidmət, hüquq-mühafizə orqanları işğal altında olan ərazini azad edə bilməz. Gəlin bir anlığa düşünək: iddia edirik ki, Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmalı və ölkənin suverenliyini tanımalıdırlar. Əgər insanların yataq otaqlarını güdürlərsə, hotellərə izləmə kameraları qoyurlarsa, Leyla Yunusun timsalında etnik azərbaycanlılarla belə vəhşicəsinə rəftar edirlərsə, onda, onda Qarabağ erməniləri niyə birləşməlidir Azərbaycanla? Ona görə ki, Bakının otellərinə gələndə onların videolarını çəksinlər? Kim təminat verə bilər ki, Səid Nurinin videosun çəkənlər Qarabağdan Bakıya gələn bir erməninin də videosunu çəkməyəcək. Bu adamlar etdikləri əməlin fərqində deyillər. Intellektual səviyyə o qədər aşağıdır ki, onlar Azərbaycanı da öz səviyyələrinə endirmək istəyirlər. Bu böyük bəladır. İnnovasiya texnologiyaları baxımından sıçrayış etmiş ölkələr Azərbacanın hüquq-mühafizə, xüsusi-xidmət orqanlarına ən yeni vasitə, ən yeni texnologiyalar verirlər. Onlar bu texnologiyaları verirlər ki, Azrbaycan öz təhlükəsizliyini təmin etsin. Bunlar isə bu texnologiyadan Sid Nurinin otağını güdmək üçün istifadə edirlər. Ziyafət Əsgrov açıqlama vermişdi ki, Sarkisiyanın otağını dinləyirik ortalığa Səid Nurinin videosu çıxır. İnsanların yataq otağına burun soxmaq əxlaqsızlıqdır. Eyni zamanda bunun ayrı mənəvi bir tərəfi də vardır. Səid Nurinin hotel macaraların çəkib onu olduğu kimi qoyurlar sosial şəbəkələrə. Axı o vidiolara bu çəkilişi sifariş verən, icra edən, yayan müvafiq hakimiyyət yetkililərinin həyat yoldaşı, yetkinlik yaşına çatmamış övladları, o cümlədən qız övladları da bu vidiolara baxırlar. Öz ailəsinə, öz namusuna  hörmətlə yanaşan şəxs gərək belə əxlaqsız işlərlə məşğul olmasın. Görünür ölkəmizdə hakimiyyət ehtirasları namus anlayışlarını da arxa plana keçirib. Yaxud götürək Bakıda hər addım başı kameraların quraşdırılmasını. Yəqin ki, xarici ölkələrdə olmusuz?

– Bəli olmuşam.

– Hansı ölkənin yollarında bu qədər kameralar var?

– Gördüyüm qədəri ilə çox az idi.

– Siz elə bilirsiz bu qədər kameralar avtomobillərin yol-hərəkəti qaydalarını pozmasını çəkmək üçündür? Özüm cavab verim, əlbəttə ki, xeyir. Bu hamısı vətəndaşları izləməkdən ötrüdür. 100-200 metrdən bir izləmə kamerası varsa bu artıq nəqliyyatın hərəkət qaydasına nəzərət mexanizm deyil. Bu vətəndaşları izləmək üçün mexanizmdir və təəssüflər olsun ki, bu mexanizmi qurublar. Bu düşüncə ilə Azərbaycan turizmi inkişaf etdirmək istyir. Səid Nurinin videosunu görən hansı əcnəbi bu ölkənin otellərinə etibar edəcək və dincəlmək üçün bura gələcək.

– Qərbdə, o cümlədən bizimlə eyni problemləri yaşayan Rusiyada cəmiyyətə dövlətçiliyi aşılayan konsepsiyalar hazırlanıb. Yeni siyasi-fəlsəfi nəzəriyyələr ortaya atılıb, Azərbaycanda bu sahədə həm müxalifət, həm iqtidar tərəfindən hansı işlər görülüb?

– Siz nümunə kimi Rusiyanı götürdünüz, şübhəsiz Rusiya böyük dövlətdir, amma Rusiyanın bədbəxtçiliyi nədədir? Rusiya Pyotr dövründən bəri normal bir dövlət qurmaq istəyir və yaxşı nəzəriyyələr də yaradır, amma yenə də normal dövlət qura bilmir. Rusiya bir ayağına “sapoq”, digər ayağına da “parıltılı tufli” geyindiyi üçün tarixi prossesi axsaq adam kimi gedir. Pyotrun islahatları oldu, III Aleksandrın islahatları oldu, Stalinin, bolşeviklərin islahatları oldu, ancaq yenə ruslar irəli gedə bilmədilər. Bir tərəfdə Lev Tolustoyun əzəməti, o biri tərəfdə çarın, birinci katibin, rus prezidentinin despotizmi. Sankı rus xalqının yaratdığı böyük ədəbiyyat rus hakimiyyətindən yan keçib. Dünyanı heyrətə salan bu ədəbiyyatdan kənarda qalan bircə rus hakimiyyətidir. Ona görə həm rus xalqına, həm də bizə gerçək demokratik islahatlar lazımdır. Rusiya fundemental elmlər baxımdan böyük nailiyyətlər əldə edir amma bəhrəsini görə bilmir. Ona görə ki, praktiki baxımdan tətbiq sahəsi yoxdur. Bizim normal konistitusiyamız var, hərçənd ki, onun ayrı-ayrı maddələrini ayrı-ayrı vaxtlarda dəyişdiriblər. Hətta bu formada belə konistitusiyamızın maddələri normaldır, ancaq onu işlək mexanizmə çevirmək mümkün deyil. Lakin Konistitusyon prinsiplərin tətbiqi yoxdu. Əgər bir ölkənin Ağır cinayətlərə dair məhkəməsinin hakimi bir rayonun prokuroru, müavini isə icra başçısı vəzifəsini satın almaq üçün dəllal funksiyasını yerinə yetirirsə, bu hansı qanunla tənzim oluna bilər?.

– İqtidarın və müxalifətin bir-birinə qarşı yönəltdikləri ittihamlarından formalaşan siyasi ab-hava, toplumun təfəkkürünə və siyasi düşüncəsinə hansı mənfi təsirləri göstərir və yaranacaq ideoloji boşluq gələcəkdə hansı fəsadlar törədə bilər?

– İdioloji boşluq ona görə var ki, hakimiyyət müxalifəti televiziyalara buraxmır. Buraxsın televiziyalara, 2 aydan sonra öz vəziyyətini təsəvvür eləsin. İdeoloji boşluq ona görə yaranır ki, Azərbaycan vətəndaşı doğru söz eşidə bilmir. Ölkədə yürüdülən siyasətin təhlili ilə qarşılaşa bilmir. Bu hamısı ona görə olur. Hər dəfə deyirlər ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Vətəndaşın imkanı yoxdur ki, gəlib o televiziyada soruşsun, “20 il ərazisi işğal altında qalan bir dövlətin güc meyyarı nədir?” 20 il ərzində 20 kvadrat metr torpaq azad edə bilmiyibsə, bir ordunun gücünü müəyyənedici amili nədən ibarətdir? Sovetlər qapalı cəmiyyət idi. İndi istəyirlər bizdə də bənzəri, qapalı bir cəmiyyət yaratsınlar.

– Niyə müxalifətlə iqtidar vahid “Milli ideya konsepsiyası” üzərində işləmirlər? Bunun örnəyini artıq Rusiyada görürük, məsələn, Duqinin rəhbərlik etdiyi Avrasiyaçılar birliyi və Rusiyanın ən tanınmış alimlərindən, ictimai xadimlərindən, filosif, tarixçi və jurnalistlərindən ibarət “İzbor klubu” (seçilmişlır klubu). Bizdə bunun örnəyi niyə yoxdur?

Niyə olmalıdı ki? 20 ildir Qarabağın azad olunması ilə bağlı danışıqlarda heç bir dəyişiklik yoxdur, ölkədə korrupsiya baş alıb gedir, belə şəraitdə necə konsepsiya hazırlayasan? Ərazisi işğal altında olan bir dövlətdə korrupsiya ilə məşğul olmaq vətənə ən böyük xəyanətdir. Korrupsiya və rüşvətin içində boğulan, ədalətsizlik girdabına düşmüş, ölkənin sərvətlərini dədə malı kimi mənimsəmiş bir güruhla hansı Milli kosepsiyaya yaratmaq olar. Gəlin özümüzü aldatmayaq.