Göyçayda bələdiyyə sədri özünü asdı

İntihara səbəbin rayon rəhbərliyinə vermək üçün götürülmüş borc olduğu deyilir

Hüquq-mühafizə orqanları isə bu versiyanı təkzib edərək, mərhumun barəsində cinayət işi olduğunu bildirir

Göyçayda rayonun Çayarxı, Hacalıkənd və Qarabaqqal kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri Mahmud Bayram oğlu Şıxməmmədov intihar edib. Bu barədə Göyçaydakı mənbələrin “Azadlıq”a verdiyi məlumata görə, 2009-cu ildən bələdiyyə sədri olan Mahmud Şıxməmmədov yaşadığı Çayarxı kəndində, həyətindəki tövlədə özünü asıb.

Bələdiyyə sədrinin borc üzündən intihar etdiyi bildirilir. Yayılan söz-söhbətə görə, Mahmud Şıxməmmədov rayon rəhbərliyinin tələb etdiyi hansısa ödənişlərə görə borca girib. Borc sahibləri də pulunu tələb edirmiş. Aldığı borcları qaytara bilmədiyini görən Mahmud Şıxməmmədov intihara əl atıb.

Olayla bağlı “qaynar.info”nun yaydığı xəbərdə isə bildirilir ki, mərhum Mahmud Şıxməmmədov hadisədən bir gün əvvəl istintaqa çağırılıb. Bundan sonra bələdiyyə sədri kredit götürmək üçün bir neçə banka müraciət edib, ancaq götürə bilməyib. Məlumatda o da qeyd olunur ki, bələdiyyə sədrindən külli miqdarda pul tələb oldunub. Bu məbləğin, hətta 30-50 min manat civarında olduğu iddia edilir.

Mərhumun qardaşı oğlu Rahib Şıxməmmədov isə bildirib ki, hazırda yas mərasimindədilər və hadisə ilə bağlı ətraflı məlumat verəcəklər: “Müxtəlif versiyalar var. Dəqiq məlumatları çatdıracağıq. Indi hüzr mərasimidir və başımız qarışıb”.

Göyçay rayon prokurorluğunun böyük müstəntiqi Emin Qurbanov isə bildirib ki, bir müddət əvvəl bələdiyyə sədrinin barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb: “Prokurorluqda 178-ci maddə (dələduzluq) ilə ona cinayət işi açılıb. Istintaq materialları toplanaraq, Rayon Polis Şöbəsinin Istintaq Şöbəsinə göndərilib. Cinayət işi ilə bağlı Polis Şöbəsi ilə əlaqə saxlamaq lazımdır. Dələduzluqla bağlı işə istintaq şöbəsi baxır. Iş isə istintaq şöbəsinin müstəntiqi Saleh Muştaqovdadır. Bələdiyyə sədrinin intihar etməsinə gəlincə, hadisənin səbəbləri tərəfimizdən araşdırılır. Hələ ki, Mahmud Şıxməmmədovun hansı səbəbdən intihar etməsi bəlli deyil”.

Istintaq şöbəsinin müstəntiqi Saleh Muştaqov “qaynar.info”ya açıqlamasında bələdiyyə sədrindən pul tələb olunması ilə bağlı yayılan məlumatları əsassız adlandırıb: “Ona ağır maddə ilə cinayət işi açılıb və bu səbəbdən də o, intihar edib. Iş Baş Prokurorluğun nəzarətindədir. Ondan rüşvət istənilməsi ilə bağlı iddialar əsassızdır. Onun barəsində ağır maddə ilə – Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdı. Cinayət işi bu ayın 20-də başlanıb və polis şöbəsinə göndərilib. Onun intihar etməsi də bununla bağlıdır, çünki üstündə ağır maddə var idi”.