Türkiyədə referendum keçirilə bilər

Elxan Şahinoğlu: «Bunun baş tutacağına inanmıram»

Türkiyə Avropa Ittifaqına daxil olmaqla bağlı referendum keçirə bilər. Bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə günü “Haber7″ telekanalı yayıb.

Onun sözlərinə görə, hazırda Türkiyədə AI-yə daxil olmaq üçün islahatlar aparılır və lazım olan vaxtda Ankara göstərilən məsələyə dair referendum keçirə bilər. Bir müddət əvvəl AI işləri naziri Volkan Bozkır deyib ki, Türkiyə Avropa Ittifaqına üzv olmaq üçün islahatları davam etdirəcək. Onun sözlərinə əsasən, AI-yə üzv olmaq Ankara üçün strateji hədəfdir. Qeyd edək ki, Türkiyənin AI-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildə başlayıb. 

Politoloq Elxan Şahinoğlu söyləyir ki, Ərdoğan hakimiyyəti dövründə bu məsələ başlıca mövzu idisə, hazırda, sözügedən məsələ Türkiyə siyasi dairələrində aktual deyil. Politoloq qeyd edir ki, aparılan rəy sorğuları da türk cəmiyyətinin Avropaya maraq göstərmədiyini göstərir:

“Şotlandiyada keçirilən referendum diqqəti özünə cəlb edə bildi. Türkiyə də ola bilsin diqqəti özünə cəlb etmək üçün sözügedən məsələni gündəmə gətirib. Bu, Ankaranın Brüsselə ismarıcıdır ki, istəyirsinizsə bizi Avropa ailəsinə daxil edəsiniz, onda tələsin, yoxsa əks nəticə əldə edərsiniz. Amma mən inanmıram ki, yaxın müddətdə Türkiyədə belə bir referendum keçirilsin”.

Nigar