Ərdoğan Bakıda türk qurultayına soyuq yanaşıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 illik fasilədən sonra Bakıda XII Türk qurultayının keçirilməsinə soyuq yanaşıb.
Bunu “Yeni çağ” qəzetinə MHP sədrinin müavini, Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və İş Birliyi Vəqfi (TÜDEV) sədri Toğrul Türkeş bildirib.
T.Türkeş sonuncusu 2007-ci ildə Bakıda keçirilən Türk qurultayının bu il yenidən keçirilməsinə dəstək almaq üçün Çankaya köşkündə Ərdoğanla görüş keçirib. 45 dəqiqə davam edən görüşdə Ərdoğan qurultayla bağlı konkret vəd verməyib. Türkeşin sözlərinə görə,
Ərdoğan məsələ ilə maraqlanacağını, daha sonra konkret söz deyə biləcəyini bildirib.
Qurultayın türk dünyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən Türkeş deyib ki, məqsədi Ərdoğana məlumat verib ondan dəstək almaq idi.
O, bundan əvvəlki prezident Abdulla Güllə də görüşdüyünü, qurultayın keçirilməsinə dəstək almağa çalışdığını bildirib.
T.Türkeş deyib ki, Ərdoğandan türk dövlət başçılarını qurultaya dəvət etməsini xahiş edib. O, MHP-nin türk qutultaylarının keçirilməsi məsələsini yaxından izlədiyini, Ərdoğanla görüş haqda Dövlət Baxçalını məlumatlandıracağını da deyib.