Ramiz Mehdiyevin qardaşı nəvəsindən Əliyevə şikayət

Aydın Ələsgərov: «Artıq məndə belə rəy yaranıb ki, hamı bir bölmə rəisindən ehtiyat edir»

Vətəndaş Aydın Ələsgərov dövlət başçısı Ilham Əliyevə ünvanladığı məktubda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qardaşı nəvəsi Imam Mehdiyevdən şikayətlənib. Aydın Ələsgərov həmin məktubun surətini “Azadlıq”a da göndərib.

Ağdamdan məcburi köçkün olan Aydın Ələsgərov Bakının Nizami rayonundakı 154 saylı uşaq bağçasında məskunlaşıb. Iki il əvvəl bağça sökülüb, məcburi köçkünlər isə Mehdiabadda yeni tikilən binaya köçürülüb.

Aydın Ədəsgərov yazır ki, Mehdiabaddakı qəsəbə məcburi köçkünlər üçün salınmayıb. O evləri spiker Oqtay Əsədovla deputat Rəfael Cəbrayılov tikdirib, amma satılmayıb. Belə olan halda, “Qaçqınkom”un müraciəti əsasında Maliyyə Nazirliyi pul köçürərək evləri alıb və məcburi köçkünləri orada yerləşdirib. Şikayətçinin sözlərinə görə, onlara mülkiyyətlə bağlı heç bir sənəd verilməyib.

Aydın Ələsgərov daha sonra yazır: “1999-cu ildə Bülbülə qəsəbəsində 8 sot torpaq sahəsi aldım. Bütün sənədlər qaydasındadır. Sonradan torpağın 3 sotunu satdım. Qalan hissəsini hasara almaqla, kiçik bir sığınacaq tikdim, meyvə ağacları əkdim.ÿSəhhətimdə problemlər yarandığından, həyətyanı sahəmə az-az getməyə başladım. Bir il əvvəl gedib gördüm ki, həyətimə daş-qum tökərək, bitişik qanunsuz ev tikiblər. Evi tikdirən Gündüz məndən müvəqqəti yol istədi, dedi ki, ”bura sənin həyət-bacandır, mülkü tikəndən sonra sizin həyətə olan hissəni bağlayacam, arxa tərəfdən gedib-gələcəm”. 6-7 ay sonra evin tikintisi bitdi. Mən bir köhnə darvaza aldım. Fikirləşdim ki, usta gətirib həyətə qapı qoyum. Gündüz və yaxınları mənə hücum etdilər, darvazanı qoymağa imkan vermədilər. Torpağın sənədlərini onlara göstərdim. Onların sənədi yoxdur. O biri tərəfdən maşın yolu yoxdur deyə, mənim həyətimdən yol istəyirlər. Daha doğrusu, sənədli torpağımı ləğv edib özünə yol açmaq niyyətindədir. Həmin gün qadınlar məni söydülər, daş atdılar, qaçqınlığımızı başımıza vurdular. Davada gəlib məni 31-ci polis bölməsinə apardılar.

Suraxanı Rayon Məhkəməsinin hakimi 27 aprel 2013-cü il tarixli qərarında məni təqsirli bilərək, 1000 manat cərimələdi. Apellyasiya şikayətim də təmin olunmadı. Hesab edirəm ki, qarşı tərəf 31-ci polis bölməsinin rəisi, Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin qardaşının nəvəsi Imam Mehdiyevə güvənir. Ona görə də heç kim ona “gözün üstə qaşın var” deyə bilmir. Bunun nəticəsidir ki, öz qapımda hücuma məruz qalan, döyülən-söyülən də mən, cərimələnən də mən.

Guya, məhkəmə ikinci qrup əlil, Qarabağ müharibəsi veteranı, məcburi köçkün olduğumu nəzərə alıb, hələ mənə güzəşt elədi. Təhqiqatçı Araz Osmanov iş materiallarında yazıb ki, guya, mən qonşunun həyətinə hücum çəkib dava salmışam. Ünvanımı yanlış yazaraq, göstərir ki, guya, torpağım sənədsizdir.

Yuxarıda bəhbs etdiyim hadisə nəticəsində vəziyyətim pisləşdiyi üçün polis bölməsində təcili yardım çağırdılar, sonra da məni xəstəxanaya yerləşdirdilər. 17 gün xəstəxanada yatdım. Nəsimi adlı polis müvəkkili məni oradan yarımçıq çıxartdırdı. Mən o gündən bəri ürəyimdən müalicə alıram və öz həyətimə qorxa-qorxa gedirəm. Həyətdə görəndə məni təhqir edir, söz atırlar. Həyətimi də zibilxanaya çeviriblər. 15 ildir qoruyub saxladığım həyətimə daş hasar çəkiblər. Bu barədə müraciət edəndə təhqiqatçı Seyidov gəldi və hasarı tikməyə heç bir etiraz etmədi. Mənə isə sakit durmağı tapşırdı. Gündüzün qayınanası isə ondan soruşur ki, məni niyə həbs eləmirlər?

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciətimlə əlaqədar gəlib baxış keçirdilər. Amma torpağı səhv ölçdülər. Səbəbini soruşanda isə mənə görə işlərini itirmək istəmədiklərini dedilər.

11 aydır ki, komitənin sədri Qərib Məmmədovun qəbuluna düşə bilmirəm. Bütün qurumlara müraciət etmişəm. Məndə belə rəy yaranıb ki, hamı bir bölmə rəisindən ehtiyat edir.

Bu ölkədə erməniyə güllə atanların aqibəti göz qabağındadır…”

Sosial şöbə