Neftin qiyməti büdcədə nə qədər göstərilməlidir?

Məhəmməd Talıblı: «Böyük ehtimal ilə söyləmək olar ki, 2015-ci ildə neftin qiyməti 70-90 dollar arası dəyişə bilər»

Dünya bazarında neftn qiymətinin oynaması büdcə gəlirləri neftdən asılı olan dövlətlər üçün ciddi problemlər yaratmaqdadır. Bu üzdən Azərbaycanın dövlət büdcəsi üçün oktyabrda keçiriləcək büdcə müzakirələri də mühüməhəmiyyət kəsb edir. Ötən il büdcə müzakirələri zamanı neftin qiyməti 100 dollar civarında hesablanmışdı. Amma bu göstərici gələn il üçün problem ola bilər. Ona görə ekspertlər hesab edir ki, neftin qiyməti 90 dollar civarında götürülməlidir. Çünki fərqli proqnoz ciddi fəsadların əsası demək olar. Neftin qiymətindəki hər dollar dəyişiklik xərclərlə bağlı ciddi problemlərə yol aça bilər. 

Neftin qiymətinin gələn il necə olacağını tam proqnozlaşdırmağın mümkün olmadığını deyən iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bütün məqamları nəzərə alaraq hesablama aparmağa baxmayaraq yenə də kənara çıxmalar olur: «Neftin qiymətinin dəyişilməsinə çoxlu sayda amillər təsir edir. 2014-cü ildə dünyadakı siyasi proseslər xeyli sürətlənib. Xüsusilə Şərq dünyasında neft hasilatı ilə bağlı dinamika xeyli dəyişilib. Eyni zamanda bir çox amillər vardır ki, həmin amillərin təsiri ilə neftin qiyməti düşməyə doğru gedir. Əgər belə davam edərsə, böyük ehtimal ilə söyləmək olar ki, 2015-ci ildə neftin qiyməti 70-90 dollar arası dəyişə bilər.  Bu baxımdan Azərbaycanda neftin qiyməti büdcədə 80 dollar götürülsə daha doğru olar. Azərbaycanda neftin qiyməti yüksək götürülərsə bu optimist bir ssenari ola bilər. Ona görə neftin qiymətini pesemist ssenari ilə götürmək lazımdır ki, problem yaranan zaman gəlir azaldıqda xərc maddəsində dəyişikliklər etmək çətin olmasın».

M.Talıblı hesab edir ki, neftin qiyməti elə optimal səviyyədə götürülməlidir ki, sonradan ciddi dəyişikliklərə səbəb olmasın: «Neftin qiymətinin optimal səviyyədə götürülməsi bir çox problemləri öncədən görməyi tələb edir. Amma bu fiskal təzyiqlərə hökumətin dözə biləcəyinə gəlincə isə, bu daha çox vergi, büdcə  siyasətini düzgün qurmasından asılıdır».

Xəyal