Moskvada Putinin əleyhinə möhtəşəm yürüş FOTO

Rusiyanın bir neçə şəhərində onminlərlə insan Ukraynaya dəstək üçün meydanlara axışdı

Sentyabrın 21-də Rusiyanın paytaxtı Moskvada və bir neçə başqa şəhərində “Sülh yürüşü” keçirilib. Aksiyanın məqsədi Rusiya hakimiyyətinin Ukraynaya qarşı aqressiyasına etmək olub.
Moskvada aksiya yerli vaxtla saat 17-də metronun “Puşkin” stansiyası önündən başlayıb. Yürüş iştirakçıları 4 bulvardan keçməklə Saxarov prospekti ilə hərəkət edib və Sadovo dairəsində aksiyanı başa çatdırıblar. Aksiya yürüşlə başa çatıb, mitinq olmayıb.
Yürüş iştirakçıları əllərində Ukrayna və Rusiya bayraqları tutub, Ukraynanı simvolizə edən müxtəliv aksessuarlar taxıb. Yürüşdə Azərbaycan bayraqları da dalğalanıb.

Yürüşün önündə “Putin, bəsdir, yalan danışdın və müharibə elədin”, “Ukrayna ilə müharibəyə yox”, “Ukraynadan əlini çək” kimi şüarlar daşınıb.
Yürüş şəhər rəhbərliyi ilə razılaşdırılıb. Polis yürüş iştirakçılarını yoxlamadan keçirmək üçün müvafiq metal çərçivələr quraşdırıb.
İştirakçıların sayı barədə müxtəlif məlumatlar yayılıb. Aksiyanın monitorinqini aparan təşkilatlardan biri polisin metal çərçivəli buraxılış məntəqələrindən 26.1 min nəfər aksiyaçının keçdiyini qeydə alıb.
Təşkilatçılar isə yürüşə qatılanların böyük çoxluğunun quraşdırılmış 40 yoxlanış çərçivəsindən keçmədən meydana daxil olduğunu bildiriblər. Təşkilatçılar aksiyaya azı 50 min adamın qatıldığını iddia edirlər. Bəzi yürüş iştirakçıları, o cümlədən müxalifət lideri Boris Nemtsov isə sayı 100 min və hətta daha artıq göstəriblər.
Rusiya Daxili İşlər Nazirliyi isə yürüşdə 5 min nəfərin iştirak etdiyini bildirib.

Yürüşün tələbləri bunlar olub:

Ukraynadan rus ordusu çıxarılsın, separatçılara hərbi, material və təbliğati dəstək dayandırılsın;
Rusiya hərbçilərinin cənub-şərqi Ukraynada hərbi əməliyyatlarda iştirakı ilə bağlı təhqiqat başlasın;
Rusiya televiziyalarında yalan və isterik təbliğata son qoyulsun;
Ukraynaya qarşı aqressiya və Krımın ilhaqını aşkar şəkildə pisləyən şəxslərin təqib edilməsinə son qoyulsun;
Ərzaq mallarının qiymətində kəskin artıma səbəb olan antisanksiya tədbirləri ləğv edilsin.
Yürüşün keçirildiyi ərazilərə bir dəstə “Novorus” tərəfdarı da gəlib və qarşıdurma yaratmağa çalışıb. Bəzi yerlərdə yürüş iştirakçısı qruplarına yumurta atılıb. Bununla belə, hər hansı toqquşma baş verməyib, yürüş dinc şəkildə başa çatıb.

***

Moskva ilə yanaşı Saratov, Yekaterinburq və başqa şəhərlərdə isə icazəli yürüşlər keçirilib.
Novosibirskdə yerli hökumət “Sülh yürüşü”nə icazə verməyib. İcazəsiz keçirilməyə cəhd olunan aksiyanı isə polis dağıdıb.
Sank-Peterburqda Ukraynaya dəstək verənlər Kazan monastırı önündə toplaşıblar. Bu aksiya da yerli hakimiyyətlə razılaşdırılmayıb. Polis aksiyaya müdaxilə edib, bəzi şəxsləri saxlayıb.
Barnaulda “Sibir müharibənin əleyhinədir” şüarını qaldıran yerli fəal Artyom Kosaretsky hücuma məruz qalıb və daha sonra saxlanıb.

***
Yürüşlə bağlı müxalifət liderlərindən olan Boris Nemtsov Rusiyanın “Dojd” televiziyasına deyib ki, hazırda ölkəni “müharibə partiyası” idarə edir. Bu partiyanın başında da Putin dayanır. Bu yürüşü keçirənlər isə “sülh partiyası”dır.

 

 

azadliq.info