Məscidlərə kim nəzarət etsin?

Rövşən Əhmədli: «Dini Komitə məsələlərə təəssüf ki, indiyədək problem və qarşıdurma yaratmaqla yanaşıb»

“Məscidlərin kimin balansında olması məsələsində sərt mərkəzləşməyə ehtiyac var. Məscidlərin idarəçiliyi müəyyən vahid qurum çərçivəsində həyata keçirilməlidir”. Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib.

DQIDK sədri qeyd edib ki, Azərbaycan müstəqillik əldə edən zaman ölkədə cəmi 17 məscid var idi: “Hazırda Azərbaycanda 2050-dən çox məscid var. Bu məscidlərin kimin, hansı qurumun balansında olması mühüm məsələdir. Indiki qaydalara əsasən, məscidlərin bir qismi QMI-nin, böyük hissəsi yerlərdə bələdiyyələrin və dini icmaların, bir sıra məscidlər isə tarixi abidə olduğu üçün Mədəniyyət və Turizm Nazirliyinin öhdəsindədir. Hesab edirəm ki, məscidlərin kimin balansında olması məsələsində sərt mərkəzləşməyə ehtiyac var. Məscidlərin idarəçiliyi müəyən vahid qurum çərçivəsində həyata keçirilməlidir. Çünki məscidlərin təmiri, restavrasiya və digər problemləri var. Ona görə də bu sahədə müəyyən dəyişiklik lazımdır. Hazırda bununla bağlı müzakirələr aparılır. Bu müzakirələrdə bizim də təkliflərimiz var. Hesab edirik ki, bu sahədə böyük iş getməlidir, məscidlərin idarəçiliyi sistemli şəkildə mərkəzləşməlidir. Məscidlərin dini idarəçiliyi təbii ki, QMI-nin tabeçiliyindədir və buna heç kimin müdaxilə etmək niyyəti və iddiası yoxdur. Bu, sırf dini məsələdir. Amma məscidlərin idarəçiliyində icmaların birbaşa iştirakı məsələləri var. Bütövlükdə məscidin mülkiyyət olaraq sahibliyi məsələsi öz həllini ciddi şəkildə tapmalıdır”.

Əslində, sözügedən məsələ necə həll olunmalıdır və məscidlərin idarəçiliyi hansı qurumda olmalıdır?

Tanınmış din xadimi Rövşən Əhmədli qeyd edir ki, bu məsələnin dini və dövlət-din münasibətlərinin tənzimlənməsi tərəfləri mövcuddur. Həmsöhbətimizə görə Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi dinlə dövlət arasındakı münasibətlərin tənzimlənməsinə xidmət etməlidir:

“Təəssüf ki, bu qurum indiyədək yalnız problem və qarşıdurma yaratmaqla məsələlərə diletant səviyyəsində yanaşıb. Azərbaycanda bütün məsələlər qanunla tənzimlənməlidir. Məscidlərin çoxu və lap qədimdən qalan məscidlər şəxsi vəsaitlər hesabına tikilib. Ümumiyyətlə, Islamda bir vəqf məsələsi var ki, hər hansı yer, mülk bu işə həsr edilib.  Orada müəyyən məsələlər də orada ibadət edənlərin, dindarların vasitəsilə tənzimlənirdi. Əslində, bu məsələdə  tabeçilik olmalı deyil, müəyyən qədər güzəşt və yardımlar edilməlidir ki, insanlar orada ibadət və dini ayin icra  edə bilsin. Məscidin belə bir təyinatı var. Amma onun hansısa bir idarə və təşkilata tabe etdirilməsi üçün müvafiq qurum var. Bu da Qafqaz Müsəlmanları Idarəsidir. Məscidlərlə əlaqədar məsələlər bu qurum vasitəsilə tənzimlənir”.

R.Əhmədlinin fikrincə, məscidlərin idarəçiliyi üçün ayrıca idarə yaratmağa və onların hamısını dövlət idarəçiliyinə salmağa ehtiyac yoxdur. O, indiki halda məscidlər, dini ayinlər, yas mərasimlərinin tənzimlənməsində Dövlət Komitəsinin mövqe nümayişinin anlaşılmaz olduğunu bildirir:

“Bu istiqamətdə sözügedən qurumun məsələləri tənzimləmək və ya dövlətlə din arasında  problem yaratmaq istəməsi aydın deyil. Bu mənada Mübariz Qurbanlı yeni kadr olmaqla yanaşı, belə işlərdən xəbərsiz şəxsdir. Onun görəcəyi işlərin də hansısa müsbət nəticə verəcəyinə inanmıram”.

Nigar