Kamil Vəli “əl müxalifəti” deputatının cavabını verdi

«Qüdrət kimi onun-bunun dalğasında gizlənmirəm, müavinət almıram. Allah eləməsin, mənim və uşaqlarımın elə pula ehtiyacı olsun»

«10-20 ildən sonra övladları Qüdrəti nə deyib anacaqlar? Kimin kölgəsində olub, hansı işlərlə məşğul olub?..»

“Azadlıq”ın ötən sayında alim, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun “Əl-müxalifət və əl müxalifəti” sərlövhəli müəllif yazısı çap olunub. Yazıda müəllif konkret ad çəkməsə də, ölkədəki hazırkı siyasi durumu şərh edib. Əslində, hökumətin diqtəsilə hərəkət edən “cib müxalifəti”ndən söz açıb, bu funksiyanı daşıyanları isə sərt tənqid edib.

Alimin bu yazısından sonra BAXCP sədri, deputat Qüdrət Həsənquliyev onu təhqir edib, ünvanına aşağılayıcı fikirlər səsləndirib.

Kamil Vəli Nərimanoğlu da öz növbəsində “Azadlıq”a açıqlamasıyla Qüdrət Həsənquliyevin cavabını verib:

“Mən yazıda heç kimin adını çəkməmişəm – nə Qüdrət Həsənquliyevin, nə də başqasının. Yazıda Azərbaycandakı vəziyyəti təhlil etmişəm. Bundan nəticə çıxaran, özündən çıxan, yazılanları öz üstünə çəkən adam varsa, bir kəlmə deyirəm: soğan yeməmisən, için niyə göynəyir? Əgər sən özünü müxalifət hesab edirsənsə, o zaman həmin yazıdakı ”əl müxalifəti”nə aid fikirləri özünə niyə götürürsən? Əgər özünü müxalifət hesab eləmirsənsə, deyilən fikirlər səni yandırırsa, maskan açılırsa, o zaman istədiyin təhqiri səsləndirə bilərsən. Allaha çox şükür, mən “parkinson xəstəsi” deyiləm, elə bir sözü eşitməmişəm, elə bir xəstəliyim də yoxdur. 68 yaşım var, ürəyim də safdır, özümü də yaxşı hiss edirəm. Qüdrətin çəki qədər kitab yazmışam və indi də yazıram. Qüdrət kimi küncə sıxılıb onun-bunun dalğasında gizlənmirəm, müavinət almıram. Allah eləməsin ki, mənim və uşaqlarımın elə pula ehtiyacı olsun.

O ki qaldı siyasi keçmişimə, ilk gündən, hələ Qüdrət Cəbhənin üzvü olmayanda mən Cəbhənin üzvü olmuşam. Əli Kərimliyə də çox böyük hörmətim var. Bir yerdə çalışırıq. Mən Türkiyədə siyasi fəaliyyətlə məşğul olmuram. Elmi fəaliyyətlə məşğulam – kitablar yazıram, öz enerjimi bacardığım qədər elmə çevirməklə nəsil, kadr yetişdirirəm.

Başda Qüdrət Həsənquliyev olmaqla, Azərbaycanda siyasi demaqogiya ilə məşğul olanlara yazığım gəlir. Mən Qüdrət haqda indiyə qədər çox az söz demişəm, demək də istəmirəm. Çünki çox yaxşı tanıdığım adamdır. 10-20 ildən sonra övladları Qüdrəti nə deyib anacaqlar? Kimin kölgəsində olub, kimdən pul alıb, hansı işlərlə məşğul olub? Ona görə də Qüdrətin nə deməsi mənə maraqlı deyil. O yazını qələmə alanda gözümün önündə konkret adamlar deyil, Azərbaycandakı vəziyyət olub”.