Neftin qiymətdən düşməsi ölkəmizə nə vəd edir?

Məhəmməd Talıblı: «Neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına birbaşa təsir edəcək faktordur»

Azərbaycan neftinin qiyməti 100 dollarlıq psixoloji həddən aşağı düşüb. Dövlət Neft Şirkətindən verilən məlumata görə, Azərbaycanın “Azərilayt” markalı neftinin bir barreli London bircasında 0,35 dollar ucuzlaşaraq 97,98 dollar təşkil edib. Xatırladaq ki, dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 100 dollar proqnozlaşdırılıb. 

Qeyd edək ki, “Azərilayt” Azərbaycanın Italiyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı neftdir. 

Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 95,51 dollar/barrel təşkil edir ki, bu da ötən həftənin göstəricisindən 3,55 dollar/barrel azdır. 

Ümumiyyətlə, dünya bazarlarında neftin qiymətində enmələr davam edir. 

Hazırda neftin dəyərdən düşməsində əsas rolu Çin oynayır. Çində sənaye istehsalı avqustda 6,9% artıb ki, bu da 2008-ci ildən bəri ən aşağı göstərici sayılır. Eyni zamanda qlobal neft təklifinin çox olması da qiymətləri aşağı salır. 

Ucuzlaşmaya Yaxın Şərqdə münaqişənin gərginləşəcəyi də öz “töhfə”sini verib. Bundan başqa, Ukraynada baş verən hadisələr fonunda hələ baharda ABŞ dünya bazarlarına neftin satışı həcmlərini artırıb. Eyni vaxtda bu enerji resurslarının ixracı ilə bağlı Irana tətbiq edilən sanksiyalar aradan qaldırılıb. Buna görə də neftin qiyməti azalmağa başlayıb.

Yeri gəlmişkən, ARDNŞ prezidenti Rövnəq Abdullayev dünya bazarında neftin qiymətinin 90 dollar ətrafında dəyişməsinə  münasibət bildirərkən deyib ki, neftin qiymətlərinin qısamüddətli azalmasının ARDNŞ-nin gəlirlərinin illik göstəricilərinə təsiri barədə danışmaq olmaz. O, jurnalistlərə açıqlamasında bu prosesin normal olduğunu və ARDNŞ tərəfindən proqnozlaşdırdığını deyib: “Bununla bağlı dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulmayıb. Bu proses qısa zaman çərçivəsində baş verir, vəziyyətin necə davam edəcəyini izləyirik”.

Qeyd edək ki, 2013-cü ilin yekunları üzrə ARDNŞ-nin neft satışından gəlirləri 25,32 milyard manat olub. 

Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına birbaşa təsir edəcək və bu məsələnin müzakirəyə ehtiyacı var: “Neftin qiymətinin dəyişməsi, dünyadakı mövcud konyunktura ilə bağlıdır. Bu konyunkturanı isə, nə Azərbaycan, nə də başqa dövlətlər müəyyənləşdirmir. Bu hallar siyasi-iqtisadi təlatümlər fonunda baş verir. Ancaq hər bir dövlətin proseslərə müəyyən təsiri də var”.

Ekspert əlavə etdi ki, neftin qiymətinin aşağı düşməsi həm xarici ticarət dövriyyəsinə, həm də illik daxilolmalara təsirsiz ötüşməyəcək: “Hesab edirəm ki, parlamentin növbəti sessiyası neft qiymətlərinin düşməsi fonunda müzakirə olunmalıdır və 2015-ci ilin büdcə konturları müəyyənləşməlidir. Neft gəlirlərinin müəyyənləşməsi, büdcəyə təsir edən önəmli faktordur. Yəni gəlirlərin müəyyənləşməsi hesabına büdcəni müəyyənləşdiririk. Əgər neft gəlirləri düzgün proqnozlaşdırılmırsa, bu o deməkdir ki, həm büdcənin formalaşmasında, həm də büdcə xərcləmələrində kənaraçıxmalar olacaq. Digər tərəfdən, ölkənin ÜDM-nün təxminən yarısı neft sektoru hesabına formalaşır. Deməli, neftin qiymətinin düşməsi ÜDM-in səviyyəsinə də təsir edəcək. Eyni zamanda ölkənin xarici ticarət dövriyyəsində neftin və neft məhsullarının xüsusi çəkisi var. Əlverişli neft qiymətləri bizə həm də ona görə lazımdır ki, neft ixracatından daha çox mənfəət əldə edək. Neftin qiymətinin azalması, illik daxilolmalara təsir edir. Neft fondunun məcmu gəlirləri xarici idarəetməyə verilən vəsaitlərdən, bəlli ölkələrdə saxlanılan daşınmaz əmlakdan, neft fondunun aktivlərindən əldə olunur. Şübhəsiz ki, Azərbaycanın məcmu gəlirləri, neftin qiymətindən asılıdır. Qiymət azalmaları baş verərsə, bu o deməkdir ki, büdcə xərcləmələrində ciddi qənaətlər etmək lazım gələcək, investisiya layihələri azaldılacaq və əhalinin sosial müdafiəsində müəyyən problemlər yaranacaq”.

Akif