Əlil valideyn Mehriban Əliyevadan kömək istəyir

O, yeganə övladının tam orta təhsil alması üçün müraciət edir

“Azadlıq”a müraciət edən Bakının Hövsan qəsəbə sakini, F.Bayramov küçəsi, ev 22-A, mənzil 16-da yaşayan Ələkbər Əliyev  H.Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya üz tutur. Müraciətdə deyilir:

“Mənim himayəmdə 11.10.2008-ci il təvəllüdlü Səyyarə adlı bir qız övladım var. Mən yeganə övladımın yaxşı təhsil alması üçün 2014-cü ilin avqust ayında Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev litseyinin rəhbərliyinə müraciət etdim. Oradan mənə bildirildi ki, sentyabrın 1-də gəlim və qızımın litseyə qəbul olunmasına kömək edəcəklər. Rəhbərliyin dediyi tarixdə övladımın sənədlərini gətirəndə mənə bildirildi ki, yerlər dolub və qızımı litseyə götürə bilməzlər.

Mən özüm 2-ci qrup əliləm, oxumamışam, fəhləlik edərək ailəmi güc-bəla ilə dolandırıram. Arzumdur ki, övladım mən çəkən əziyyəti çəkməsin və oxuyaraq ailəmizi sevindirsin. Konstitusiyamızın  57-ci maddəsini rəhbər tutaraq xahiş edirəm ki, mənim 2-ci qrup əlil olduğumu nəzərə alaraq yeganə övladım Səyyarə Əliyevanın  Xətai rayonu ərazisində yerləşən litseydə tam orta təhsil alması üçün  əlaqədar qurumlara göstəriş verəsiniz”.

Sosial şöbə