Əhalini xaricə müalicəyə aparan hansı qüvvədir?

Eyyub Hüseynov: «Bu istiqamətdə işləyən ayrıca strukturlar mövcuddur»

Xaricdə müalicə və müayinə son illərin bəlli problemindən birinə çevrilib. Imkanı olanlar müalicə üçün uzaq Avropaya, bir qədər imkansızlar isə Azərbaycanla həmsərhəd olan ölkələrə yollanır. Bu problem elə bir həddə çatıb ki, artıq onu tənzimləmək də asan məsələ deyil. Hər halda, hamımızı narahat edən bu problem rəsmi səviyyədə həllini tapmalıdır.

Milli Şuranın sonuncu toplantısında professor Cəmil Həsənli çıxışında bu məsələyə toxunaraq Azərbaycana müalicə üçün  qonşu ölkələrdən bir nəfərin də gəldiyini görən olmadığını təəssüflə qeyd edib. O, söyləyib ki, müalicə üçün Gürcüstana, Rusiyaya, Irana, Türkiyəyə gedənlər çoxdur. Nə vaxtsa Ermənistanla münasibətlər normallaşsa, ora da gedən olacaq. C.Həsənli sonuncu ölkəyə gedənlərin olacağına şübhə etmədiyini də dilə gətirib. Görəsən, vətəndaşlarımız nə üçün müalicə üçün Azərbaycanı qoyub xaricə gedir? Buna dərmanların keyfiyyətsizliyi, bahalığı, mütəxəssis naşılığı, xidmətin qiyməti, yoxsa adicə təbliğat səbəb olub?

Istehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov söyləyir ki, Azərbaycandan xəstələri xaricə aparan ayrıca strukturlar mövcuddur. Iran və Türkiyə həkimlərinə aid xətt vasitəsilə əhali bu məqsədlə həmin ölkələrə yol alır:

“Azərbaycan əhalisi kütləvi surətdə bu yolu tutub. Azərbaycanda apteklər şəbəkəsi dünya ölkələrindən ən azı 20 dəfə çoxdur. Ölkədəki diaqnostika aparatlarında yarıtmaz  vəziyyət olsa da, onları yoxlayan heç bir standart yoxdur. Azərbaycandakı diaqnostika aparatlarını konfederasiya edən  bir qurumun olmamasını xarici biznes nümayəndələri də müşahidə edərək söyləyir. Xaricdən gələn belə bir qrupu də bura buraxmadılar. Ekspertizanın birgə qoyulmaması artıq problemdir”.

Azad Istehlakçılar Birliyinin sədri qeyd edir ki, dünya ölkələrində saxta dərman 30 faizdən 60 faizə qədər dövr edir. Azərbaycanda isə ən azı 40 faiz saxta dərman dövriyyəsi var. Eləcə də Təhsil Nazirliyi təkcə Bakıda saxta diplomla işləyən neçə-neçə kadr müəyyən edib:

“1999-cu ildə Sumqayıtda neçə nəfər saxta diplomla işləyən müəllim aşkar edilmişdi. Yəni Azərbaycanda saxta diplomla işləyən həkimlər də var ki, sadəcə olaraq diplom alıb işləyirlər. Bu isə ölkədə təhsil və tibbin mənfi vəziyyətdə olduğunun sübutudur. Əhali xəstələnəndə həkimlərə, ordan apteklərə düşür. Həkimlərlə apteklərin qarşılıqlı əlaqəsi var. Belə bir dairədə problem də dərinləşir. Insan o ölkədə yaşayar ki, ilk olaraq orada yaxşı təhsil, pulsuz səhiyyə olsun”.

Nigar