Belə də olmalı idi…

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Iki gün öncə “meydan.tv” saytından telefon açıb Azərbaycan idmançılarının qeyri-ənənəvi dini cərəyanlara meyllənməsi barədə soruşurdular. Diqqətimdən yayınıbmış, məgər bir müddət əvvəl peşəkar güləşçi, ölkə çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülmüş Rəşad Baxşəliyev Ismayıllı rayonundan olan 5 nəfərlə IŞID-ə dəstək olmaq üçün Suriyaya yola düşüb, yaxud yunan-roma güləşi üzrə Azərbaycan çempionu Ceyhun Bayramov mart ayında Suriyada öldürülüb. Başqa bir idmançı, qaydasız döyüş üzrə idman ustası, “Cundullah Azəri” ləqəbi ilə tanınan, 1987-ci il təvəllüdlü  Ibrahim Kərimov həyat yoldaşı və 3 uşağını da özüylə götürərək Suriyaya döyüşməyə gedib. Onun da ölüm xəbəri gəlib.

Başqa nümunələr də varmış. Amma biz siyahını daha artıq uzatmayaq, mətləbə keçək.

***

Vaxtilə Hüseyn Cavid “Mədəniyyət, mədəniyyət, yalnız mədəniyyət!” deyirdi. Hakimiyyət Azərbaycanda bunu “Idman, idman, yalnız idman!” şüarına çevirdi.

Başqa cür də ola bilməzdi, çünki Azərbaycanda idmana “diqqət və qayğı” bütün anti-demokratik rejimlərə xas olan “diqqət və qayğı”nın davamıdır. Hansı ki, belə rejimlər “biləyin gücü” ilə ayaqda qaldıqları, ən böyük qorxuları isə “biliyin gücü”ndən olduğu üçün toplumu məhz güləş döşəyinə, boks rinqinə fokuslaşdırırlar, nəinki universitet auditoriyalarına, kitabxanalara, teatra…

Nəticəcədə elə bir vəziyyət yarandı – yaradıldı ki, idman ölkədə karyera qurmağın, komfort həyat əldə etməyin əsas vasitəsi kimi qəbul edilməyə başlandı. Müəllimindən aliminə, şair-yazıçısından aktyorunacan ölkənin yaradıcı, savadlı adamları qəpik-quruşun ümidinə qalarkən, sözün həqiqi mənasında yaşam savaşı verərkən, xəstə yatağında dərman puluna belə möhtac ikən, idmançılar qısa vaxtda hər cür lüks, dəbdəbə, imtiyaz sahibinə çevrildilər. Zaman keçdikcə isə özlərini “seçilmişlər” kimi hiss etməyə başladılar, onlara tanınan üstünlüklər, onlara açılan imkanlar beyinlərini dumanlandırdı. Bir də gözümüzü açıb gördük ki, bunlar guya, beynəlxalq turnirlərdə dalğalandırmağa söz verdikləri Azərbaycan bayrağını əslində, mitinqlərdə tapdamaqla, əllərində o bayrağı daşıyan mitinqçiləri qadın, yaşlı demədən yerlərdə sürüməklə, bir növ “qoçu Əsgər” obrazına bürünməklə məşğuldurlar.

Sonra səsləri bar razborkalarından, restoran davalarından, toylarda musiqi “zakaz”ına görə yumruqlaşmalardan, qız üstündə bıçaqlaşmalardan gəlməyə başladı. Indi isə onlar arasında vəhhabiliyin sürətlə yayıldığı məlumatları gəlirsə, buna da təəccüblənməmək lazımdır. Kamyunun çox sevdiyim, tez-tez təkrarladığım bir sözü var: “Bütün pisliklər cahillikdən doğur”.

Nə əlaqəsi var, deməyin. Çox əlaqəsi var.

Məsələn, Azərbaycanda Bədən Tərbiyəsi Akademiyasına qəbul olunmaq üçün az qala, heç bir savada ehtiyac yoxdur, beş-on balla belə, ora qəbul olunmaq mümkündür. Nəticədə, hansısa beynəlxalq yarışda Azərbaycan himnini səsləndirməkləri bizə az qala, “fenomenal hadisə” kimi təqdim edilən idmançılarla keçirilən sorğuda o himni əzbər bilmədikləri, musiqisini, sözlərini yazan adamları yerli-dibli tanımadıqları məlum olur. Keçənlərdə hansısa saytda bir sorğu ilə rastlaşmışdım, orada bir idmançıdan soruşurlar ki, 31 mart təqvimdə Azərbaycan üçün hansı anlam ifadə edir, bu da çıxıb cavab verir ki, müstəqillik günüdür. Bax, bizdə idmançı adına belə bir təbəqə yetişdirilib, indi onların adlarının qanlı cinayətlərdə, yaxud hansısa radikal dini təriqətlə birgə hallanmasına niyə təəccüblənirik? Onların qarşımıza gah molla, gah qoçu kimi çıxmasında hansı qeyri-adilik axtarırıq? Yaşananlar məntiqi sonluqdur. Yalnız “əzələ şişirtməklə” idmanın real inkişafı mümkün ola bilməzdi, necə ki, rəqəmləri şişirtməklə iqtisadi inkişaf olmur.

***

Bəli, onillərlə təbliğatı aparılan, böyük pulların xərcləndiyi idman siyasəti, aydın görünür ki, iflasa uğrayır. Bunun belə olacağı əvvəldən bəlli idi.

Yalnız pulun, hakimiyyətin qüdrətinə, Sistemin maraqlarının ifadəsinə dayanan hər bir “inkişaf” belə sonluğa məhkumdur: o, axırda şairdən tamada, alimdən falçı, siyasətçidən təlxək, idmançıdan qoçu, molla düzəldir.

Başqa heç nə!..