İrandan Bakıya növbəti ittiham

“Ustad Şəhriyarın əsərləri təhrif edilir”

Təbrizdə keçirilən ənənəvi Milli Şeir Günü çərçivəsində Ustad Şəhriyarının vəfatı ilə bağlı tədbirdə Azərbaycan ədəbiyyatşünaslarının ünvanına xeyli ittihamlar səsləndirilib. Tədbirdə çıxış edən “Qafqaz karvanı” kitabının müəllifi, iranlı araşdırmaçı Cəlal Məhəmmədi bildirib ki, xarici ölkələrdə Məhəmmədhüseyn Şəhriyarın əsərləri ciddi təhriflərə məruz qalır. O, bunu “mədəni xəyanət” adlandırıb.

C.Məhəmmədi qeyd edib ki, bir sıra çevrələr mərhum şairi bir vaxtlar İranda fəaliyyət göstərmiş kommunist TUDƏ Partiyası ilə əlaqələndirməyə çalışırlar. Bu mənada ədəbiyyatşünaslıqda geniş məlum olan Şəhriyarın Arazın bu tayındakı şairlərlə mənzum məktublaşmasına toxunan C.Məhəmmədi Bakı nəşrlərinin bir çoxunda mərhum şairə məxsus əsərlərin ciddi təhriflərə məruz qaldırdığını iddia edib. Bununla bağlı, iranlı araşdırmaçı bir sıra poetik nümunələri də tədbir iştirakçılarının nəzərinə çatdırıb. 

Araşdırmaçı xüsusi olaraq “Heydərbabaya salam” poemasında İran Azərbaycanının şivəsindən (Təbriz dialekti) istifadə olunduğunu qeyd edərək Azərbaycan Respublikasındakı nəşrlərdə bu şivənin də təhrifə məruz qaldığını vurğulayıb. (modern.az)