Gürcüstan Krımdakı «yerli seçkiləri» tanımır

Gürcüstan Krım və Sevastopolda sentyabrın 14-də təşkil olunmuş «yerli seçkiləri» tanımır, Krımın anneksiyasını pisləyir. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir ki, həmin seçkilər «beynəlxalq normalar və Ukrayna qanunvericiliyinin kobud pozulmasıdır».

«Gürcüstan Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstəyini bir daha aydın şəkildə bəyan edir,» bəyanatda belə deyilir. Sentyabrın 14-də Rusiya ərazisində keçirilən regional seçkilər martda anneksiya edilmiş Krımda da təşkil olunub. Vahid Rusiya partiyası həmin seçkidə səslərin əksəriyyətini qazandığını bildirib.

Ukrayna isə anneksiya edilmiş ərazisində seçkiləri qanunsuz elan edib. Azərbaycan Xarici İşlər Nazirliyi isə Krımdakı seçkilərə dair mövqeyini hələlik bəlli etməyib. AzadlıqRadiosu qurumun mətbuat xidmətindən şərh ala bilməyib.

Azərbaycan rəsmiləri bundan öncəki bəyanatlarında Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.