Fransa küçələrində “Hafiz məni öldürdü” plakatları

Fransanın Lans şəhərinin küçələrində üzərində qalmaqallı azərbaycanlı oliqarx, bu şəhərin adınıdaşıyan futbol klubunun majoritar səhmdarı Hafiz Məmmədovun şəkli olan yüzlərlə plakat yapışdırılıb.

Virtualaz.org saytı “La Voix du Nord” nəşrinə istinadən xəbər verir ki, plakatlarda “Hafiz məni öldürdü” sözləri yazılıb.

Plakatların kimlər tərəfindən hazırlandığı və yayıldığı məlum deyil. Belə görünür ki, aksiya təşkilatçıları “Hafiz məni öldürdü” sözləri ilə azərbaycanlı oliqarxın “Lans” klubuna vəd etdiyi 18 milyon avro pulu vermədiyinə işarə edirlər.

Plakatların üzərində sirli “RT 94” abbreviaturası da yer alır. İstisna deyil ki, bu abbreviatura “Lans” azarkeşlərinin 1994-cü ildə yaratdıqları “Red Tigers” fan-klubuna işarədir.

Bu arada “Le Canal Football Club” xəbər verir ki, H.Məmmədov “Lans”a vəd etdiyi pulu vermək iqtidarında deyil və oyundankənar vəziyyətdədir. Onun əvəzindən Azərbaycan dövlətinin “Lans”ın büdcəsinə kömək etməyə hazırlaşdığı bildirilir.

“Lans”ın prezidenti Jerve Martel ötən həftə demişdi ki, “Hafka”nın verə bilmədiyi pul üçün Azərbaycan dövləti ilə danışıqlar aparır.