Zaqatala sakinlərindən İlham Əliyevə su müraciəti

Onlar dövlət başçısının bu problemi həll etməsini istəyir

Zaqatala rayonunun Mamrux kənd sakinləri “Azadlıq”a müraciət edərək üzləşdikləri problemdən çıxış yolu istəyib. Bir qrup  kənd sakininin imzası olan müraciətdə deyilir:

“Iqlimin dəyişilməsi və 2014-cü ilin həddən artıq quraqlı keçməsi nəticəsində Zaqatala rayonunun Mamrux kəndi ərazisində su problemi yaranıb. Prezident Ilham Əliyevin  tapşırığıyla regionlarda su probleminin aradan qaldırılması üçün artezian quyuları bölgüsü aparılıb. Bu bölgüdə də Zaqatala rayonunda 160 artezian quyusunun qazılması nəzərdə tutulub. Rayon icra hakimiyyəti də bu bölgüdən dördünün Mamrux kənd bələdiyyəsi ərazisində qazılmasına sərəncam verib. Bələdiyyə sədri Məhərrəm Həsənov isə heç kimlə məsləhət etmədən quyunun qızı Lətifə Ismayılovanın evinin yanında qazılmasını müəyyənləşdirib. Biz onun nəzərinə çatdırdıq ki, artezian quyusunun qazılması üçün göstərilən yer həmin ərazidə yaşayanlar üçün münasib deyil. Lakin bələdiyyə sədri bizi eşitmədi və öz bildiyini elədi. 

Bu barədə rayon rəhbərliyinə müraciət etsək də, nəticəsi olmayıb. Məcburiyyət qarşısında qalaraq dövlət başçısına  müraciət etmişik. Xahiş edirik ki, bizim qanuni tələblərimizi araşdıraraq lazımi köməklik göstərəsiniz”.

Sosial şöbə