Milyarder “VKontakte”ni aldı

Kremlə yaxın olan rusiyalı oliqarx Alişer Usmanov Rusiyanın ən populyar sosial media saytı olan Vkontakte-ni tam nəzarətə almağa 1 milyard 500 milyon dollar verib.

Usmanovun sahibi olduğu  Mail.ru  sentyabrın 16-da bəyanat verib ki, Mail.ru Vkontakte-də səhmlərin 48 faizini almaqla bütün səhmlərə sahib olur.

Mail.ru ilk dəfə 2007-ci ildə Vkontakte saytına investisiya etmişdi və o vaxtdan bu sayta 2 milyard 100 milyon dollar pul qoyub.

Vkontakte Rusiyanın Yandex axtarış sistemindən sonra  ən çox daxil olunan saytıdır.

Vkontakte-ni yaradan və onun keçmiş rəhbəri olan Pavel Durov bu ilin əvvəlində Rusiyanı tərk etdi. O demişdi ki, Rusiya indiki məqamda internet biznesinə uyğun deyil.

Sentyabrın 16-na əldə olunan razılaşma ilə Mail.ru, Durov və onun keçmiş biznes tərəfdaşları bir-birlərinə qarşı məhkəmə iddialarından imtina ediblər.