Türkiyə İŞİD-ə qarşı “bufer zona” yaradacaq

Türkiyə İslam Dövləti silahlı qrupunun (İŞİD) təhlükəsinə qarşı İraq və Suriya ilə sərhədində bufer zonası yaratmağı planlaşdırır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğan türk mediasına bildirib ki, o, ordunun hazırda işlədiyi plan haqqında qərar verəcək. Ərdoğan bufer zonasının harada yaradılacağı və ya necə fəaliyyət göstərəcəyi barədə ətraflı məlumat verməyib.

İslam Dövləti (İD) qruplaşması İraq və Suriyanın böyük hissələrini zəbt edib. Ehtimal olunur ki, İD-nin 30 000-dək döyüşçüsü var.

Artıq 30 ölkə vəd edib ki, İD döyüşçülərinə qarşı mübarizə aparmaq üçün “bütün lazımi tədbirlər” görüləcək.

Amma Türkiyə deyib ki, yalnız humanitar və maddi-texniki əməliyyatlar üçün ərazisindəki NATO hava bazasından istifadə etməyə icazə verəcək.

Türkiyənin 49 vətəndaşı İD tərəfindən girov saxlanılır, buna görə də ölkə cihadçı qrupa qarşı qəti addımlar atmağa meyilli deyil.

Bundan savayı Türkiyədə ən azı 840 000 suriyalı mühacir var. (BBC azeri)