Yaponlar Bakıda 40 mərtəbəli binanın layihəsini hazırlayıb

Məşhur yapon arxitektura şirkəti olan “Nikken Sekkei” Bakıda daha bir göydələnin layihəsini hazırlayır. Virtualaz.org saytı xəbər verir ki, bu haqda şirkətin idarə heyətinin sədri Nakamura Mitsuo bildirib. Onun layihəsi sentyabrın 21-23-də Dubayda keçiriləcək beynəlxalq sərgidə ilk dəfə təqdim olunacaq.

Yapon şirkətinin hazırladığı layihə “Ekspressbank”ın Bakıda yeni tikiləcək baş ofisinin binasının layihəsidir. Bu bina Heydər Əliyev prospektində yerləşəcək və 40 mərtəbədən ibarət olmaqla Bakının ən hündür binalarından biri olacaq. Layihənin eskizləri hələ açıqlanmasa da onun orijinallığı ilə fərqləndiyi, binanın üstündə Bakının panoramasını seyr etmək üçün səma observatoriyasına oxşayan istirahət məkanının olacağı bildirilir.

İndiyədək Bakıda ən hündür bina H.Əliyev prospektində tikintisi başa çatmaqda olan “SOCAR Tower” hesab olunurdu. Bu bina yeraltı mərtəbələr də daxil olmaqla cəmi 42 mərtəbədən ibarətdir. Son illər H.Əliyev prospektində bir-birinin ardınca göydələnlərin tikintisi aparılır.