Hakimiyyətdən xarici QHT-lərə növbəti zərbə

Mirvari Qəhrəmanlı: «Qanunvericiyə ediləcək dəyişikliklər xarici QHT-lərin Azərbaycandakı fəaliyyətini məhdudlaşdırmağa yönəlib»

Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, yaxud filiallarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir. Milli Məclisdən Trend-ə bildiriblər ki, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna bir sıra əlavələr edilir.

Dəyişikliklərdən sonra istənilən xarici qeyri-hökumət təşkilatının Azərbaycanda yalnız bir nümayəndəliyinin və yaxud filialının açılmasına icazə veriləcək. Bundan başqa  Azərbaycanda fəaliyyət göstərən xarici qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı yerli müvafiq icra orqanına təqdim etdiyi əsasnaməsində öz hüquqi ünvanı, fəaliyyətinin predmeti və ona rəhbərlik edəcək şəxsin səlahiyyətlərini də göstərilməlidir.

Qanuna yeni əlavəyə görə, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlər arasında ona rəhbərlik edəcək şəxsin səlahiyyət müddətini də göstərməlidir.

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və yaxud filialının rəhbəri öz müavininin təyin edilməsi barədə sənədi də müvafiq icra orqanına təqdim etməlidir. Bu sənəddə müavin barədə ətraflı məlumat göstərilməlidir. 

Son dəyişikliyə görə isə, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı ona verilmiş tapşırıqlar, göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması, yaxud bərpa edilməsi, o cümlədən ləğv edilibsə, təşkilatın əmlak məsələləri barədə məlumatları da yerli müvafiq icra orqanına təqdim etməlidir.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, qanunvericiyə ediləcək dəyişikliklər xarici QHT-lərin Azərbaycandakı fəaliyyətini məhdudlaşdırmağa yönəlib. Azərbaycanda fəaliyyət göstərən xarici QHT-lərin əksəriyyətinin hökumətyönlü QHT-lərlə əməkdaşlıq etdiyini deyən M.Qəhrəmanlının qənaətincə, hakimiyyətin bu addımı cavabsız qalmayacaq: «Əslində mən çox şadam ki, xarici QHT-lərin də Azərbaycanda fəaliyyətini tam məhdudlaşdırırlar. Hesab edirəm ki, onlar da Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə qarşı yönəltdiyi siyasəti tam çılpaqlığı ilə gördükdən sonra iqtidara qarşı tədbir görməyə başlayacaqlar. Hakimiyyətin qəbul etdiyi son qərar məni də «narahat» edir. Hesab edirəm ki, beynəlxalq aləm «narahatçılıqdan» çıxaraq daha əməli addımlar atmağa başlayacaq».

Xəyal