Intiqam Əliyevə müdafiə olunmağa imkan verilmir

Səhhətində ciddi problemlər olan vicdan məhbusu üçün aparılan yemək və ərzağı da götürmürlər

Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan vicdan məhbusu, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev üçün evdən aparılan sovqatı da ona çatdırmağa imkan verməyiblər. Bu barədə tanınmış hüquqşünasın oğlu Nəcmin Kamilsoy məlumat verərək bildirib ki, avqustun 13-də atası üçün apardıqları ərzağı və pulu  təcridxananın əməkdaşları götürməyiblər.

“Mənim şəxsiyyət vəsiqəm yox idi, amma mənimlə gələn qohumumuzun vəsiqəsi üstündə idi. O, əvvəl də Intiqam Əliyevə sovqat gətirmişdi və qəbul etmişdilər. Amma götürmədilər. Xanlar adlı təcridxana əməkdaşı dedi ki, bu, tapşırıqdı. Soruşdum ki, tapşırıq qanundan irəli gəlir? Dedi ki, bəli”, – deyə Nəcmin Kamilsoy “Meydan TV”yə açıqlamasında bildirib.

Həmçinin qeyd edib ki, içəridə soyuducu və qızdırıcı yoxdur deyə, təcridxana əməkdaşları yalnız bir günün yeməyini qəbul edirlər. Intiqam Əliyev təcridxanadakı mağazadan qida məhsulu almaq və mobil nömrələrə zəng etmək üçün pula ehtiyac duyur: “Ötən dəfə dedilər ki, pulu vəkillə göndərin. Vəkillə göndərdik, amma qəbul etmədilər”.

Qeyd edək ki, Bakı istintaq təcridxanasında Intiqam Əliyevin vəkillərilə yazışmaları da senzuradan keçirilir. Onun yazdığı ərizə və şikayətlərin təcridxanadan kənara çıxmasına icazə verilmir.

Təcridxanada baş verən qanunsuzluqlarla yanaşı, onun işi üzrə istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin əməkdaşları da ona keyfiyyətli müdafiə təşkil etməyə imkan vermir. Qanun təqsirləndirilən şəxsə cinayət işinin başlanması üçün əsas və səbəblər, ittihamın mahiyyəti və digər sənədlərlə tanış olmaq, onların surətlərini əldə etmək hüququ verir. Lakin prokurorluq Intiqam Əliyevi bu imkandan məhrum edib.

Yeri gəlmişkən, Intiqam Əliyevin həbsindən bir neçə gün sonra vəkili Anar Qasımlı istintaqa yazılı vəsatət verərək, evdən və ofisdən götürülmüş sənədlərlə tanış olmaq, onların surətini çıxarmağa imkan yaradılmasını istəmişdi. Lakin prokurorluq vəsatəti təmin etməmişdi.

Xatırladaq ki, prokurorluq avqustun 8-də və 9-da həm Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində, həm də Intiqam Əliyevin yaşadığı mənzildə axtarış zamanı təşkilatın fəaliyyətilə bağlı bütün sənədləri, avadanlıqları götürüb. Üstəlik, bütün bunlar qanunvericiliyin tələbinə uyğun rəsmiləşdirmə aparılmadan götürülüb.

Bundan başqa, vəkil Anar Qasımlı Ədliyyə Nazirliyinə rəsmi sorğu göndərərək, Hüquq Maarifçiliyi Cəmiyyətinin qrant müqavilələrinin qeydiyyatına dair müraciətləri, onlara verilən cavablar barədə məlumat istəmişdi. Lakin üstündən təxminən bir ay keçsə də, nazirlik sorğunu cavablandırmayıb.

Bütün bunlarla əlaqədar Intiqam Əliyev və vəkilləri bugünlərdə istintaqa daha bir vəsatət təqdim edib. Vəsatətdə göstərilib ki, prokurorluq işçiləri axtarış zamanı ittihama heç bir aidiyyəti olmayan, sənədləri, o cümlədən həm yerli məhkəmələrdə, həm də Avropa Məhkəməsində Intiqam Əliyevin vəkil kimi apardığı işlərlə bağlı bütün materialları da götürüb aparıblar. Götürülən həmin materiallarla bağlı heç bir qeydiyyat da aparılmayıb. Istintaq orqanının bu qanunsuz hərəkəti nəticəsində həmin işlərin məhkəmələrdə davam etdirilməsində ciddi problemlər yaranıb. Prokurorluğun bu qanunsuzluğu o işlər üzrə iddiaçı və şikayətçilərə qarşısıalınmaz ziyan vura bilər.

Bundan başqa, prokurorluq Hüquq Maarifçiliyi Cəmiyyətinin yerləşdiyi ofisin qapısını qanunsuz olaraq möhürləyib və açarları da özündə saxlayır. Halbuki, ofisdə ardıcıl iki gün aparılan axtarış zamanı ittihama aidiyyəti olan və olmayan bütün sənədlər və texniki avadanlıqlar götürülüb. Belə olan halda, ofisin möhürlənməsi onun sahibinə qaytarılmasına, müəyyən ödənişlərin həyata keçirilməsinə maneə yaradır.

Intiqam Əliyev və vəkilləri yol verilmiş bu cür qanunsuzluqları vəsatət vasitəsilə bir daha istintaq orqanının nəzərinə çatdırmaqla yanaşı, onların aradan qaldırılmasını, həm də bir sıra sənədlərin surətlərini istəyir.

Vəsatətdə qoyulan məsələlərdən biri Anar Qasımlının Ədliyyə Nazirliyinə göndərdiyi, lakin cavablandırılmayan sorğu ilə bağlıdır. Intiqam Əliyev və vəkilləri istintaq orqanının da analoji sorğu ilə nazirliyə müraciət edib, alınan cavabın (sənədlərin) surətlərinin müdafiə tərəfinə də təqdim olunmasını istəyir.

Bundan başqa, Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisindən və Intiqam Əliyevin yaşadığı mənzildən götürülmüş bütün sənədlərin siyahısı və surətinin müdafiə tərəfinə təqdim edilməsi istənilir.

Vəsatətdə həmçinin Intiqam Əliyevin barəsində cinayət işinin başlanması, ittiham irəli sürülməsi üçün əsas kimi istifadə olunmuş sənədlərin surətlərinin də müdafiə tərəfinə verilməsi, başqalarına aid məhkəmə işlərinin materiallarının təcili şəkildə qaytarılmasının vacibliyi vurğulanır.

Qeyd edək ki, axtarış zamanı prokurorluq işçiləri Intiqam Əliyevə heç bir aidiyyəti olmayan avadanlıqları, o cümlədən kompüterləri, telefonları da götürüb aparıblar. Həmin avadanlıqların sahiblərinə qaytarılması, Hüquq Maarifçiliyi Cəmiyyətinin yerləşdiyi ofisə girişə qoyulan qadağanın aradan qaldırılması, açarların mülkiyyətçiyə verilməsi kimi tələblər də vəsatətdə öz əksini tapıb.

Informasiya şöbəsi