Mətbuatda millət vəkili Aydın Abbasovun gecələr Bakı küçələrində 60 min manatlıq “Harley Devidson” motosikleti sürdüyü bildirilib. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən Aydın Abbasov bildirib ki, yayılan məlumat yalandır: “Ümumiyyətlə, bu cür mənasız xəbəri yazanlara heç bir fikir bildirmək istəmirəm. Çünki gecələr motosiklet sürmək təhlükəlidir. Bunu hər kəs çox gözəl bilir. İkincisi də, elə yüksək vəzifəli şəxslər vardır ki, təyyarə də sürürlər. Burada qeyri-adi heç nə yoxdur. Təki Bakımızda pis vərdişlərlə deyil, idman növləri ilə məşğul olanların sayı çox olsun. Bildiyiniz kimi, motosiklet sürmək həm də bir idmandır”.
Qeyd edək ki, Aydın Abbasov motosiklet həvəskarıdır. O, 2013-cü il tarixindən Baku HOG Azerbaycanın üzvüdür. Onun haqqında yayılan xəbərlərdə bu fakta əsaslanılsa da, millət vəkilinin gecə motosiklet sürməsi ilə bağlı konkret fakt göstərilməyib.