ABŞ-la qarşıdurma Türkiyəyə nə vəd edir?

«Ankaranın hazırkı siyasəti Türkiyəni beynəlxalq təcridə aparır»

ABŞ-ın İŞİD-ə qarşı başlatdığı savaşa dəstək verməyən Türkiyə ilə Vaşinqton arasında münasibətlər gərilməkdədir. Türkiyə mətbuatı hətta bu gərginliyin fonunda ABŞ-a qarşı sərt ittihamlara yol verib. ABŞ İŞİD-dən neft almaqda, terrorçu təşkilatları dəstəkləməkdə ittiham olunur. Türkiyə mətbuatında yer alan daha bir maraqlı yazı ABŞ-a ünvanlanan «6 sualdır». Birinci ən mühüm sual İŞİD-in girovluğunda olan 49 Türkiyə vətəndaşı ilə bağlıdır. Sual edilir ki, Türkiyə ABŞ-a dəstək verəcəyi təqdirdə girovların aqibəti necə olacaq? Digər suallar İŞİD-ə qarşı əməliyyatlar genişlənən zaman Türkiyənin yerli əhalisinin terror hücumundan necə  qorunacağı ilə bağlıdır. Eyni zamanda Türkiyə sərhəddinə qaçqın axınının qarşısı necə alınacağı və yarana biləcək humanitar böhrandan necə çıxılacağı sual edilir.

ABŞ-la yaşananlar Türkiyə hökumətinə hansı problemləri yaaşada bilər? Türkiyənin yaxın müttəfiqi ilə münasibətlərinin korlanması hansı fəsadlara səbəb ola bilər?

Vəfa Quluzadə: «Türkiyə dövləti İŞİD-in səviyyəsinə enməməlidir»

Politoloq Vəfa Quluzadə vurğuladı ki, iki dövlət arasında yaşananlar Türkiyənin daxili siyasətindən qaynaqlanır. Türkiyə daxilində rəhbərliyin dinə doğru bir dönüş etdiyini deyən V.Quluzadə qeyd etdi ki, bu dini dönüş də tədricən anti-Amerika çaları almaqdadır: «Türkiyə cəmiyyətində Amerikanın İslam dünyasında apardığı siyasətə sərt təpki var. Bütün məsələlər də buradan qaynaqlanır. Türkiyə NATO-nun üzvü olduğu halda ABŞ-ın İŞİD-ə qarşı apardığı əməliyyatları dəstəkləmir.ABŞ-ın yürütdüyü siyasətin yaxşı və ya pis olması ayrıca müzakirə mövzusudur. Amma inkişafa nail olmaq istəyən hər bir dövlət ABŞ-la əməkdaşlığa can atır. Məsələn, hətta İran ABŞ-la əlaqələrini yenidən qurmağa çalışır. Ona görə Türkiyənin ABŞ-la əməkdaşlığa böyük ehtiyac duyacaq. Arzu edərdim ki, Türkiyə ABŞ-ı tənqid etməklə yanaşı öz milli maraqlarını da qoruya bilsin».

Türkiyənin İŞİD-lə mübarizədə ABŞ-a  dəstək verməməsinin ciddi nəticələrə səbəb olacağını düşünən V.Quluzadə hesab edir ki, Türkiyə dövləti İŞİD-in səviyyəsinə enməməlidir: «İŞİD elə bir hərəkatdır ki, onun gələcəyi yoxdur. Dünyanın hər yerində İŞİD-ə qarşı münasibət birmənalıdır. Burada həmin dövlətin ABŞ-ın müttəfiqi olub-olmaması rol oynamır. Hamı İŞİD-i terrorçu kimi tanıyır. Türkiyə necə İŞİD-in müdafiəsinə qalxa bilər? ABŞ-a qarşı bu cür mövqenin sərgilənməsi Türkiyə hökumətinə yaxşı heç nə vəd etmir. Türkiyə ABŞ-la əlaqələrini möhkəm saxlamalı və daha da inkişaf etdirməlidir. Çünki Türkiyənin ətrafında çox güclü rəqiblər var».

ABŞ-la münasibətlərin sərtləşdirilməsi yolunun Şimali Koreyaya, Belarusa məxsus olduğunu deyən V.Quluzadə hesab edir ki, Ankaranın hazırkı siyasəti Türkiyəni beynəlxalq təcridə aparır. «Böyük nailiyyətlər əldə etmiş Türkiyə geriləməməlidir. Amma Türkiyənin ABŞ-la qarşıdurması geriləməyə aparır», deyə V.Quluzadə vurğuladı.

Xəyal