Türkiyə Azərbaycan hərbi təlimləri kimə mesajdır?

Elxan Şahinoğlu: «Təlimlər həm Rusiyaya, həm də Ermənistana xəbərdarlıqdır ki, Azərbaycana təhlükə olsa Türkiyə ona dəstək verəcək»

Sentyabrın 12-dən etibarən Türkiyə və Azərbaycan genişmiqyaslı hərbi təlimlərə start veriblər. Sentyabrın 20-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin hərbi hissələri cəlb olunub. Təlimlərin birinci mərhələsində kəşfiyyatın bütün növlərinin, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələri, o cümlədən Hava Hücumundan Müdafiə Qoşunlarının qarşılıqlı fəaliyyəti və uzlaşma məsələlərinin öyrənilməsi nəzərdə tutulub. İkinci mərhələdə Quru Qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması, taktiki hava desantının, reyd və ön dəstələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetirəcəklər.

Azərbaycan ilk dəfədir ki, miqyasına görə bu cür təlimlərə qatılır. Bu ordunun peşəkarlığını artırmaqla yanaşı qonşu dövlətlərə bir mesaj da sayıla bilər. Xatırladaq ki, 2001-ci ildə Xəzərdə İranla ciddi gərginlik yaşanan zaman Azərbaycanı məhz Türkiyə dəstəkləmişdi. O zaman İran hərbi təyyarələrinin Azərbaycan yataqlarının üzərindən uçması, , hərbi gəmilərin yaxınlıqda üzməsi adi hala çevrilmişdi. Məhz 2001-ci ildə «Azadlıq» Meydanında «türk şahinlərinin» göstəri uçuşu İranın Azərbaycana qarşı təhdidlərinə son qoymuşdu.

Hazırda isə regionda yaranan gərgin geosiyasi durum nəzərə alınarsa, Türkiyə ilə keçirilən birgə təlimlər təsadüfi dəyərləndirilmir. Rusiyanın keçmiş SSRİ ölkələrinə qarşı təzyiqləri hər ötən gün daha da artır. Bu baxımdan ekspertlər hesab edir ki, NATO Türkiyə vasitəsilə regiondakı proseslərə təsir etməyə çalışır.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, həqiqətən də 2001-ci ildə «türk şahinlərinin» Bakı səmasındakı uçuşu İrana bir mesaj idi və Tehran Türkiyənin bu addımlarından lazımı nəticəni çıxardı. Hazırda da Azərbaycana qarşı təhdidlərin olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, buna misal olaraq avqustun əvvələrindən atəşkəsin intensiv pozulmasını göstərmək olar: «Atəşkəsin pozulmasının ardınca Rusiya yenidən vasitəçiliyə baş vuraraq, Soçidə münaqişə tərəfləri ilə görüş keçirdi. Amma bu ərəfədə Ermənistanla Rusiyanın iki hərbi təlim keçirməsini də diqqətdən kənara qoymaq olmaz. Bu sanki Rusiyanın Azərbaycana bir mesajı idi ki, Kreml Azərbaycanı güc yolu ilə öz torpaqlarını azad etməyə imkan verməyəcək. Bilindiyi kimi Rusiya Ermənistanın hərbi müttəfiqidir və Qarabağ probleminin də həllində maraqlı deyil.Yaranmış situasiyada Türkiyə ilə birgə təlimin keçirilməsinə ehtiyac yarandı. Ona görə bu arada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda bir araya gəlməsi təsadüfi deyil».

Cənubi Qafqazın tarixində ilk dəfədir ki, bu miqyasda hərbi təlimlərin keçirildiyini deyən E.Şahinoğlu gələcəkdə Gürcüstanın da bu tip təlimlərə qroşulmasını inkar etmir. «Türkiyə ilə keçirilən hərbi təlimlər həm Rusiyaya, həm də Ermənistana mesajdır. Bu o deməkdir ki, Azərbaycana təhlükə yaranarsa o zaman həmin dövlətlər qarşılarında Türkiyə-Azərbaycan hərbi ittifaqını görəcəklər. Bu baxımdan bu təlimlər çox önəmlidir və davamlı hala gəlməlidir», deyə E.Şahinoğlu vurğuladı.

Xəyal