Şotlandiya müstəqil dövlət olmalıdırmı?

Dünyanı düşündürən bu suala sentyabrın 18-də cavab veriləcək

Hələlik əhalinin 52 faizi müstəqilliyin əleyhinədir

Şotlandiya müstəqilliyi haqqında referendum ərəfəsindədir. Sentyabrın 18-nə təyin olunan referendumda əhali “Şotlandiya müstəqil dövlət olmalıdırmı” sualına cavab verəcək. Referenduma sayılı günlərin qalmasına baxmayaraq müstəqillik tərəfdarları ilə əleyhdarları arasında səs nisbəti hər gün dəyişir. Bir həftə əvvəl şotlandların 51 faizi müstəqil olmaq istəyirdisə, indi bu göstərici 48 faizə düşüb. Şotlandiya əhalisinin 52 faizi müstəqilliyin əleyhinədir. 

1707-ci ildən başlayan müstəqillik davası

Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalması məsələsi 1707-ci ildə Ingiltərə ilə ittifaq bağlayandan bəri gündəmdə olub. 1930-cı illərdə yaranan Şotlandiya Millətçi Partiyasının səyləri nəticəsində bu məsələ açıq müzakirə olunmağa başladı. O zaman söhbət vahid dövlətin tərkibində geniş muxtariyyətdən gedirdi. 

Müstəqillik tərəfdarlarının mövqelərinin qətiləşməsinə 1970-ci illərdə Şotlandiya sahillərində neft yataqlarının aşkarlanması da təsir etdi. Etiraz kampaniyası 1979-cu ildə Şotlandiyada geniş səlahiyyətləri olan parlamentin yaradılması məsələsinə dair referendumun keçirilməsinə gətirib çıxardı. 51 faiz əhali parlamentin yaradılmasına tərəfdar çıxsa da, referendumun xüsusi şərtləri olduğundan, bu yetərli deyildi. Növbəti referendum 1997-ci ildə baş tutdu. Bu dəfə şotlandlar parlamentlərinin yaradılmasına nail ola bildi. 

Şotlandiyada müstəqillik məsələsini 2007-ci ildə Şotlandiya Millətçi Partiyasının lideri Aleks Selmond yenidən gündəmə gətirdi. Həmin il parlament seçkilərində millətçilər 47 mandat qazandı. Selmond isə baş nazir postunu tutdu. 

2011-ci ildə seçkilərdə səslərin əksəriyyətini qazanan millətçilərin lideri Selmond yenidən Şotlandiyanın müstəqilliyi məsələsini müzakirəyə çıxardı. Referendum keçirmək planlarını isə həmin ilin may ayında açıqladı. 2012-ci ilin yanvarın 10-da referendumun təxmini tarixi də müəyyən edildi – 2014-cü ilin payızı.  

Ingiltərə, Uels və Şimali Irlandiya ilə müqayisədə Şotlandiya daha geniş muxtariyyətə sahibdir. 

Hazırda Şotlandiyanın parlamenti ilə yanaşı hökuməti, milli kilsəsi və hüquq sistemi var. Əhalisi ingiltərəli vergi ödəyicilərinin hesabına sosial imtiyazlar alır. 

Selmond bildirib ki, Şotlandiya müstəqil olacağı təqdirdə milli valyuta kimi funt sterlinq istifadə olunacaq. Dövlət başçısı isə yenə də Britaniya kraliçası olacaq. Kraliça II Yelizaveta isə referenduma həsr olunmuş ictimai diskussiyada iştirak etmədiyini bildirib. Müstəqillik məsələsinin Şotlandiyanın öz işi olduğunu deyən kraliça bununla yanaşı ölkənin parçalanmasının real mümkünlüyü ilə bağlı narahatlığını da bildirib.

“Birləşmiş Krallıq parçalansa, həmişəlik parçalanacaq”

Böyük Britaniyanın baş naziri Devid Kameron Şotlandiya əhalisinə müraciət edərək onları referendumun əleyhinə səs verməyə çağırıb. Çünki bu səsvermə ölkəni həmişəlik dəyişə bilər. Bu günlərdə Edinburqda seçicilər qarşısında çıxış edən Devid Kameron xatırladıb ki, səsvermə qərarını dəyişdirmək mümkün olmayacaq: “Birləşmiş Krallıq parçalansa, həmişəlik parçalanacaq”.

Kameron Şotlandiyaya daha geniş muxtariyyətin veriləcəyini də vəd edib. 

Şotlandiyaya aparıcı partiyalarının liderləri, həmçinin dünyada tanınmış şotlandiyalılar da əhalini müstəqillik əleyhinə səs verməyə çağırıblar. Milliyyətcə şotland olan Britaniyanın keçmiş baş naziri Qordon Braun isə bu məsələdə daha fəaldır. Şotlandiyada əhali ilə görüşlər keçirən Braun onları müstəqillik ideyasına dəstək verməməyə səsləyir.

Braun bəyan edib ki, Şotlandiya əhalisi müstəqilliyin əleyhinə səs versə, artıq bu ilin noyabrın 30-da Şotlandiya parlamentinin səlahiyyətlərinin genişlənməsi planı dərc ediləcək. London hakimiyyəti də Şotlandiyadan yığdığı vergilərin böyük hissəsini özünə saxlamağa razılıq verəcək. Həmçinin Şotlandiya sosial siyasətini də özü müəyyənləşdirəcək. Braun təmsil etdiyi Leyboristlər partiyası adından belə təkliflə çıxış edib. 

1990-cı ildə Şotlandiyaya daha geniş muxtariyyəti məhz Leyboristlər partiyası verib. Londonda bütün əsas siyasi qüvvələr Braunu dəstəkləyir.

Tanınmış şotlandiyalılar da açıq məktub yazaraq Şotlandiyanı Böyük Britaniyanın tərkibindən çıxmamağa çağırıblar. “Bizi birləşdirən bizi ayırandan daha güclüdür. Bu halda gəlin birlikdə qalaq”, – müraciətdə deyilir.

Məktubu imzalayan 200-dən artıq şəxsin arasında tanınmış musiqiçilər, aktyorlar və alimlər var. Onlardan əlavə, müraciətə 18 olimpiya çempionu və Britaniyanın BAFTA kinomükafatının 44 mükafatçısı imza atıb. 

Şotlandiyanın müstəqilliyinin əleyhdarları “Birlikdə qalaq” kampaniyasına başlayaraq şotlandları referendumda müstəqilliyə “yox” deməyə çağırıblar. Uels, Şimali Irlandiya və Ingiltərə əhalisi də bu kampaniyada fəallıq göstərir. 

Hətta ABŞ prezidenti Barak Obama da bu ilin iyun ayında baş nazir Kameronla birgə keçirdiyi mətbuat konfransında Şotlandiyanı Böyük Britaniyanın tərkibində görmək istədiyini deyib. 

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton müsahibələrinin birində Böyük Britaniyanın bütövlüyünün tərəfdarı olduğunu dilə gətirib.

Britaniyanın təhsil naziri Maykl Qouv isə şotlantları Putinin acığına müstəqilliyin əleyhinə səs verməyə çağırıb. Onun fikrincə, Britaniyanın parçalanması Kreml rəhbərini sevindirəcək. Çünki Britaniyanın bölünməsi bütövlükdə Qərbin müdafiəsini zəiflədəcək.

Ayrılmayacağı halda daha böyük muxtariyyət vədi

2014-cü ilin fevral ayında London Şotlandiya müstəqillik əldə edəcəyi təqdirdə onun vəziyyətini xeyli dəyişəcək qərarlar qəbul edib. Belə ki, Britaniyanın maliyyə naziri Corc Osborn Şotlandiyada milli valyuta kimi futn sterlinqin istifadəsini qadağan edib. Nazirin sözlərinə görə, funt “boşanandan sonra bölə biləcəyin musiqi disklərinin kolleksiyası deyil”. Bununla belə maliyyə naziri Şotlandiyanın ayrılmadığı təqdirdə ona daha böyük muxtariyyət vəd edib.  

Şotlandiya millətçiləri isə iddia edirlər ki, Şotlandiya müstəqil olandan sonra Şimal dənizində olan neft ehtiyatları hesabına rifah səviyyəsinə görə dünyanın 14-cü ölkəsi olacaq. 

Şotlandiya hökuməti nümayəndələri müstəqillik əldə edəcəkləri təqdirdə Avropa Birliyinin üzvü kimi qalacaqlarını bəyan etsələr də, AB rəsmiləri fərqli fikirdədirlər. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo bildirib ki, quruma üzv olan ölkədən ayrılaraq müstəqil olan dövlət AB-yə üzv olmaq üçün müraciət etməlidir. Lakin bu ölkənin AB-yə üzvlük üçün digər üzv dövlətlərin razılığını alması çətin olacaq. 

Avropa Birliyi öz ərazisində separatçı tendensiyalara dəstək vermədiyini nümayiş etdirib. Oxşar bəyanatla NATO çıxış edib. Bildirilib ki, Şotlandiya quruma üzvlük üçün müraciət etməli olacaq. Baxmayaraq ki, NATO ilə bağlı məsələ bir qədər fərqlidir. Məhz Şotlandiyada Böyük Britaniyanın sualtı nüvə donanması və hərbi-dəniz bazası yerləşir. Atlantikaya nəzarət etmək üçün NATO-ya Birləşmiş Krallıq məhz bu tərkibdə lazımdır. Müstəqil olacağı təqdirdə Böyük Britaniya nüvə silahını Şotlandiya ərazisindən çıxarmalı olacaq. Bunun üçün isə 5 mlrd avro vəsait tələb olunur.   

Fizzə