Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən Bakının Qaradağ rayonu ərazisində fəaliyyət göstərən, “Viləş” firmasına və fiziki şəxs Hətəmov Rauf Dadaş oğluna məxsus mişar daşlarının istehsalı sahələrində (daş karxanalarında) əmək qanunvericiliyinə əməl olunması vəziyyətini yerindəcə araşdırılıb.
Nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət nəzarətinin həyata keçirilməsində Sənaye və Iqtisadiyyat Nazirliyinin, Daxili Işlər Nazirliyinin Insan Alverinə qarşı Mübarizə Baş Idarəsinin və Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının əməkdaşları da iştirak ediblər.
Araşdırma zamanı həmin daş karxanalarında işçilərin əmək münasibətləri rəsmiləşdirilmədən qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aydın olub. Eyni zamanda mişar daşı istehsal edən avadanlıq və qurğuların işçilərin həyat və sağlamlığı üçün olduqca təhlükəli şəraitdə fəaliyyət göstərdiyi, işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib. (APA)


