Bu gün Kürdəxanı həbsxanasında saxlanan AXCP fəalı Murad Ədilov vəkili Yalçın İmanovla görüşüb. Vəkilin məlumatına görə Murad özünü yaxşı hiss edir, mənəvi-siyasi durumu çox yüksəkdir: “ O, həbsini, eləcədə digər həbslərin real səbəbini tam aydınlığı ilə başa düşür, ona görə çox təmkinlidir. Seymur Həzinin həbsi ilə xüsusi maraqlandı, ona görə çox hiddətlidir.
Murad ona qarşı irəli sürülən ittihamı tam rədd edir, deyir ki, onun cibinə narkotiki qandallayandan sonra polislər qoyub. Daha sonra isə onu Sabirabad polisində bir saat döyüblər və həbsini qardaşına-Natiq Ədilova görə həyata keçirdiklərin deyiblər”- deyə vəkil bildirib.
O, əlavə edib ki, Muradın saxlanma şəraitindən narazılığı yoxdu, kamera yoldaşları ilə mehriban keçinirlər. Gündəlik vaxtını əsasən qəzet, kitab mütaliəsinə xərcləyir.
***
Bu gün Muradın qardaşı, qəzetimizin əməkdaşı Natiq Güləhmədoğlu da onunla qiyabi də olsa təmas qurub. Muradın yanına sovqat aparan Natiq Güləhmədoğlu deyir ki, ənənəvi olaraq ondan qısa məktub alıb.
“Məktubda mənim üçün sevindirici olan Muradın iki gündür siqareti atması barədə yazdığı oldu. Adətən türməyə, çətin bir duruma düşənlər təskinlik üçün siqaretə başlayır, Murad tərsini edib. Arzu edirəm ki, sonacan bunu bacarsın”.
Siyavuş


