Əhalinin pul gəlirləri artıb?

Statistika Komitəsi bu barədə məlumat yayıb 

Əhalinin pul gəlirləri artsa da, qiymətlər də bahalaşıb

2014-cü ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 24,0 milyard manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, onun hər nəfərə düşən həcmi 2560 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 faiz üstələyərək 3,8 faiz olub.

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artıb.ÿ

Iqtisadçı-ekspert Nemət Əliyevin qənaətincə, gəlirlərin artması barədə statistik rəqəmlər həqiqəti əks etdirə bilər. Lakin əhalinin pul gəlirlərinin artmasıyla paralel olaraq qiymətlər daha sürətlə artır. Odur ki, qiymət artımı əhalinin pul gəlirində olan artımları üstələyir:

“Nəticədə əhalinin vəziyyəti yaxşılışmaq əvəzinə pisləşir. Statistika Komitəsinin pul gəlirlərinin artmasıyla bağlı dedikləri ilə əhalinin real vəziyyəti paradoks təşkil edir. Normal ölkələrdə əhali vəsaitlərinin böyük hissəsini, təxminən 60 faizə qədərini qeyri-ərzaq mallarına xərcləyir. Bundan az faizi isə ərzağa xərcləyir. Azərbaycanda isə bunun əksinədir”. 

Ekspert fikrinin davamı kimi söyləyir ki, normal inkişaf etmiş ölkələrdə pul gəlirlərinin üstünlüyü qeyri-ərzaq mallarına xərcləmələr təşkil edirsə, Azərbaycanda ərzaq xərcləmələri daha çoxdur. Belə ki, əhali öz gəlirlərinin təxminən 60-65 faizini ərzağa xərcləyir. Ekspert qeyd edir ki, xərcləmələrin strukturunun belə olması əhalinin  vəziyyətinin ağırlaşmasının göstəricisidir.

Nigar